UŞAQLARIN SAXLANILMASI ÜÇÜN ALİMENT HANSI MƏBLƏĞDƏ ALINMALIDIR?
XƏBƏRLƏR
Uşaqların
saxlanılması üçün aliment hansı məbləğdə alınmalıdır?
Bu məbləğ artırıla və ya azaldıla bilərmi?
Təəssüf ki, son
zamanlar boşanmaların sayı sürətlə artır. Boşanma prosesi heç də hər zaman
sakitliklə ötüşmür. Tərəflər arasında bir çox problemlər və mübahisələr
yaranır. Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri də aliment məsələsidir.
Bəs uşaqların saxlanılması üçün aliment hansı məbləğdə alınmalıdır? Bu məbləğ
artırıla və ya azaldıla bilərmi?
Bu barədə Bakı
Hüquq Mərkəzinin (BHM) hüquqşünası İsrafil Əlili Modern.az-a məlumat verib.
Hüquqşünas bildirib
ki, AR Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
Bu vəzifədən irəli gələrək, Ailə məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması
üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir.
Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara
aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan
valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin)
hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə
alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə akimentin
valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün
olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə
pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən
şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan
sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AR Ailə
Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi
kimi müəyyən edilə bilər (78.1-ci maddə). Sabit pul məbləğinin miqdarı məhkəmə
tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə
alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal
saxlanması əsas tutularaq müəyyən edilir (78.2-ci maddə).
Hüquqşünasın
dediyinə görə, Ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan
məbləğn miqdarı da qeyd olunmuşdur. Belə ki, Aliment ödənilməsi barədə razılıq
olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay
aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə—qazancın
və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın
(başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa
görə—qazancın (başqa gəlirlərin) yarısı.
İ.Əlili deyib ki, yuxarıda göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin
ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə
alınmaqla azaldıla və artırıla bilər. Belə ki, şəxs alimentin miqdarının dəyişdirilməsini
tələb edə bilər. Məhkəmənin müəyyən olunmuş
aliment miqdarını dəyişdirmək hüququ Ailə Məcəlləsinin 112.1-ci maddəsində
təsbit olunmuşdur. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər
onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə
bilər.
Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin
(məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun
işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin
hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.)
olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu
hallardan asılı olaraq dəyişə bilər.
“Məsələn, vətəndaş yeni nikaha daxil olubsa və bu nikahdan övladı varsa, onda
nikah haqqında şəhadətnaməni və həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin
əslini və ya təsdiqlənmiş surətini əlavə etməlidir və ya əmək haqqında azalma
olmuşdursa, iş yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək
lazımdır. Yaxud, işdən çıxıbsa və heç bir yerdə işləmirsə, onda işdən çıxarılma
barədə Əmrin, əmək kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə
arayışın əslini və ya surətini məhkəməyə vermək lazımdır.” – deyə hüquqşünas
vurğulayıb.