Son günlər gündəmdə olan məsələlərdən biri vətəndaş nikahının
hüquqi cəhətdən tanınmasıdır. Bu gün ölkəmizdə mövcud olan nikah formaları
rəsmi və dini nikahlar olsa da dünya ölkələrində digər nikah növlərinə də rast
gəlmək mümkündür. Hazırda Azərbaycanda vətəndaş nikahının hüquqi cəhətdən
tanınması və bununla bağlı qanunvericiliyə yeniliyin edilməsi təklif olunur. Bu
barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Sosial
siyasət komitəsinin birgə keçirdiyi iclasda təklif irəli sürülüb. Bəzi
deputatların fikrincə, ölkədə artıq vətəndaş nikahı ilə yaşayanlar və bu
nikahdan övlad dünyaya gətirənlərin sayı rəsmi nikaha girənlərin sayına, demək
olar ki, çatıb. Xüsusilə bu nikahdan dünyaya gələn uşaqlarla bağlı ciddi
problemlər yaşandığı irəli sürülür və onlar bununla bağlı Ailə Məcəlləsinə və
digər qanunvericilik sənədlərinə tənzimləyici müddəaların salınmasını təklif
ediblər. Ancaq vətəndaş nikahı ilə bağlı bu təklif cəmiyyətdə heç də birmənalı
qarşılanmır.
Heç
kəsə qadağan edə bilməzsən ki, nikah kağızı yoxdursa, evlənməyin
MM-in Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev də Milli.Az-a açıqlamasında bu təkliflə
razılaşmadığını bildirdi: "Vətəndaş nikahlarını necə qanuni qüvvəyə
mindirmək olar? Kimlər ki, nikahını rəsmiləşdirmək istəyir, onsuz da onu
rəsmiləşdirirlər. Vətəndaş nikahında da qeyri-qanuni bir şey yoxdur. Amma hər
halda vətəndaş nikahı pozulandan sonrakı məsuliyyət məsələsi, uşağın
tərbiyələndirilməsi, qayğısına qalınması, onun xərcinin ödənməsi, yaxud da
mülkiyyət-əmlak məsələlərinin bölüşdürülməsi məsələsi ilə bağlı boşluqlar
axtarmaq lazımdır ki, qanunvericilikdə varsa, boşluqlar doldurula bilər. Ancaq
vətəndaş nikahını necə rəsmiləşdirmək olar? Dünyanın hər yerində bu proses
gedir. Heç kəsə qadağan edə bilməzsən ki, nikah kağızı yoxdursa, evlənməyin. Bu
bir az çətin məsələdir".
Millət vəkilinin sözlərinə görə, hər halda vətəndaş nikahında öhdəliklərin
qoyulması və nikah qurulandan sonra yaranan problemlərin çözülməsi yollarını
düşünmək olar:
"Ancaq vətəndaş nikahını rəsmiləşdirməyi mən dərk edə bilmirəm. İnsanları
necə məcbur etmək olar ki, yalnız nikahdan sonra evlən. Bunu etmək olmaz. Evinə
polis göndərəsən ki, bir yerdə yaşamayın? Mümkün olası bir şey deyil,
absurddur, insan haqlarına da birbaşa zidd olan bir məsələdir. İnsanın öz haqqı
var, öz seçimini edir, istədiyi adamla yaşayır. İctimai qaydaları pozmursa,
qeyri-qanuni hərəkət etmirsə, istədiyi adamla yaşayırsa, necə demək olar ki,
qeydiyyatdan keçin? Bu mümkün olan deyil".
Xüsusilə demokratik ölkələr üçün uyğun məsələ olmadığını deyən millət vəkili
bildirdi ki, rəsmi nikahı olan şəxslərə qoyulan öhdəliklər eyni zamanda
qeyri-rəsmi nikahları olan şəxslərə də qoyula bilər. Lakin bu halda da çoxlu
problemlər ortaya çıxacaq. Belə ki, bunların qarşılıqlı məsuliyyətini müəyyən
edən müqaviləsi, sənədləşmə yoxdursa, problem ortaya çıxa bilər. Millət vəkili
qeyd etdi ki, dünyanın başqa ölkələrində bu problem necə həll olunursa, bizdə
də o yolla getməlidir.
Vətəndaş
nikahının ictimai fəsadları
Vətəndaş nikahının son illərdə Avropa ölkələrində çox sürətlə artdığını deyən
İstanbul şəhərinin Üsküdar Universitetinin sosiologiya bölümünün müdiri,
sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı bunun ölkələrin ailə quruluşlarına ciddi
təsir göstərdiyini deyir:
"Təəssüflər olsun ki, son illər bu prosesin Azərbaycanda da artdığının
şahidi oluruq. Bu tendensiyanın artmasının ən böyük səbəblərindən biri kimi
qərb həyat tərzinə meyllilikdən irəli gələn fərdlərin "azad yaşamaq
istəklərini", serialların təsirini ilk sırada qeyd etmək lazımdır.
Vətəndaş nikahının ictimai baxımdan ən böyük fəsadı cəmiyyətin heç bir
məsuliyyət hissi olmayan, sırf nəfsani istəkləri təmin üçün qurulan, övladsız
cütlüklərdən ibarət hala gəlməsidir. Bu cür münasibətdən dünyaya gələn uşaqlar
isə əksər hallarda sevgidən məhrum olduqları və düzgün tərbiyələnmədikləri üçün
hər biri cəmiyyət üçün potensial təhlükəyə çevrilə bilir.
Digər tərəfdən bu nikahlar uşaqlara da psixoloji nöqteyi-nəzərdən mənfi təsir
göstərir. Onlar bu işdə heç bir günahı olmadan həm öz yaşıdlarının, həm də
yaxın ətraflarının ictimai qınaq obyektinə çevrilir, bəzən də təhqirə məruz
qalırlar. Həmçinin gələcəkdə bu cür nikahda böyüyən uşaqlar özləri də bu cür
münasibətlərin normal olması fikrini mənimsəyir və rəsmi nikahı lüzumsuz hesab
edə bilirlər. Bu da ailə institutunun davamı baxımından təhlükə hesab
olunur".
Sosioloqun fikrincə, bəziləri evlilik ilə bərabər yaşama arasındakı fərqi yalnız
nikah dəftərinə atılan bir imza olaraq görürlər: "Bu, doğru deyil.
Nikahsız yaşamaq həm psixoloji, həm də fiziki problemlərə səbəb olur. Məsələn,
ABŞ-da ailə mövzusunda aparılan tədqiqatlarda və statistik materiallarda
vətəndaş nikahı ilə bir arada yaşayanların evli insanlarla müqayisəsi onların
daha çox xəstəliklərə düçar olduqları və ömürlərinin daha qısa olduğunu üzə
çıxarıb. Bunun səbəbini mütəxəssislər nikahsız yaşayanların hər hansı bir
hüquqi sənəd olmaması ilə izah edirlər. Xüsusilə qadınların keçirdiyi tərk
edilmə qorxusu müxtəlif xəstəliklərə zəmin hazırlayır.
Digər tərəfdən vətəndaş nikahları hüquqi nöqteyi-nəzərdən də qeyri-sağlam hesab
olunur. Məsələn, vətəndaş nikahında olan cütlüklərdən birinin qəflətən
dünyasını dəyişməsi halında qarşı tərəfin hər hansı bir mülkiyyətə iddia etməsi
müşkül məsələyə çevrilir. Çünki qanun qarşısında bir yerdə yaşadıqlarını, ortaq
uşaqlarının olmasını sübuta yetirmələri o qədər də asan məsələ deyil. Məhkəmə
tədqiqatları uzun illər davam edə bilər və qarşı tərəfin məsuliyyətdən boyun
qaçırması çox asandır. Uşaqlar da heç bir mirasa iddia edə bilmirlər".
Xüsusilə qadınlar üçün başqa bir problemin vətəndaş nikahından dünyaya gəlmiş
uşaqların maddi təminatı məsələsini təşkil etdiyini deyən sosioloqun fikrincə,
cütlük arasında münasibətlərin qırılması halında ana aliment alma hüququndan
məhrum olur və bu da öz növbəsində başqa sosial problemlərə səbəb olur:
"Uşaqları tərbiyə etmək isə tək analar üçün həm maddi, həm də psixoloji
nöqteyi-nəzərdən çox çətindir.
Vətəndaş nikahlarında zorakılıq faktları da kifayət qədər yüksəkdir. Qarşı
tərəfin hüquqi baxımdan müdafiəsiz olduğunu dərk edən tərəf-müqabilin (əksər
hallarda bu kişilər olur) partnyoruna qarşı zorakılıq və təhqir etməsi daha da
asanlaşır. Bu mənada həm hüquqi, həm də məişət nöqteyi-nəzərindən vətəndaş
nikahları etibarlı hesab olunmur".
Rəsmi nikahının isə etibarlı, uzun ömürlü həyat tərzi ilə yanaşı, fərdlərin və
cəmiyyətin qəbul etdiyi münasibətlər formasında əsəb sisteminin daha düzgün
fəaliyyətinə imkan verdiyini, bununla birgə fərdin sağlamlığı və rahat
yaşamasının təmin olunduğunu deyən sosioloq bildirdi ki, bu məsələ müzakirə
olunan zaman bütün bu məqamlar nəzərə alınmalıdır. Əks təqdirdə bunun
fəsadlarından qaçmaq çox çətin olacaq.
Qeyri-rəsmi
çoxarvadlılıq həmişə olub və olacaq
Hüquqşünas Sahib Məmmədov isə Milli.Az-a bildirdi ki, vətəndaş nikahında olmaq
qanunla qadağan deyil: "Lakin belə nikahların bir sıra nəticələri var ki,
onların hüquqi tənzimlənməsi vacibdir. Bu baxımdan belə qanunun qəbul olunmasını
vacib hesab edirəm. Nikah tərəflərinin belə nikaha xitam verilərkən hüquqi
vəziyyət, xüsusən yaşayış zamanı əldə edilən mülkiyyət məsələləri, o cümlədən
bu mülkiyyətin bölünməsi problemə çevrilir. Belə nikahdan doğulanlarla da bağlı
bir sıra problemlər olur. Ümid edirəm, belə qanun problemi qismən həll edəcək.
Bu qanunun qəbulunun çoxarvadlılığa gətirib çıxaracağı fikri ilə razı deyiləm.
Çünki bizdə qanun çoxarvadlılığı qadağan edir. Qeyri-rəsmi çox arvadlılıq isə
həmişə olub və olacaq. Bu qanun onu legitimləşdirə bilməz".