Avropa Şurasının Nizamnaməsinə Azərbaycan Respublikasının qoşulması haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1949-cu il mayın 5-də London şəhərində imzalanmış Avropa Şurasının Nizamnaməsinə qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 10 yanvar 2001-ci il

№ 54-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 yanvar 2001-ci il, № 9) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 27) ( «LegalActs» LLC).

Avropa Şurası

Avropa müqaviləsi № 1

Avropa Şurasının Nizamnaməsi*

London, 5.V.1949.

Belçika Krallığının, Danimarka Krallığının, Fransa Respublikasının, İrlandiya Respublikasının, İtaliya Respublikasının, Lüksemburq Böyük Hersoqluğunun, Niderlandiya Krallığının, Norveç Krallığının, İsveç Krallığının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri,

Ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq;

Xalqlarının ümumi sərvəti və hər hansı həqiqi demokratiyanın əsaslarını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinin əsl mənbəyi olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək;

İqtisadi və sosial tərəqqinin maraqları baxımından həmin idealların qorunması və bundan sonra da həyata keçirilməsi üçün bu fikirlərə şərik bütün Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğuna əmin olaraq,

Bununla əlaqədar, öz xalqlarının ehtiyaclarına və aydın ifadə olunmuş istəklərinə cavab vermək üçün Avropa Dövlətlərinin daha sıx ittifaqda yaxınlaşdıra biləcək təşkilatın təxirə salınmadan yaradılmasının vacibliyini nəzərə alaraq;

Nəticədə, hökumətlərin nümayəndələri komitəsindən və Məşvərət Məclisindən ibarət olan Avropa Şurasının təsis edilməsini qərara almış və bu məqsədlə aşağıdakı Nizamnaməni qəbul etmişlər:

I fəsil. Avropa Şurasının məqsədi

Maddə 1

a. Avropa Şurasının məqsədi öz Üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə daha çox birliyə nail olunmasıdır.

b. Bu məqsədə Şuranın orqanları vasitəsilə ümumi marağı əks etdirən problemlərin müzakirəsində, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlərdə, insan hüquqları və əsas azadlıqlarının qorunması və gələcəkdə də həyata keçirilməsində razılaşmalar və ümumi fəaliyyət əsasında nail oluna bilər.

c. Avropa Şurasında iştirak üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatında və daxil olduqları digər beynəlxalq təşkilat və birliklərdə iştirakına mənfi təsir göstərməyəcəkdir.

d. Milli müdafiə ilə əlaqədar məsələlər Avropa Şurasının səlahiyyətinə daxil deyildir.

II fəsil. Üzvlük

Maddə 2

Avropa Şurasının üzvləri bu Nizamnamənin İştirakçılarıdır.

Maddə 3

Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və onun yurisdiksiyası çərçivəsində insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsiplərini qəbul etməli və 1 fəsildəəyyənləşdirildiyi kimi, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata keçirilməsi sahəsində əməkdaşlıq etməlidir.

Maddə 4

Maddə 3-ün müddəalarını yerinə yetirməyə can atan və buna qadir hesab edilən hər hansı Avropa Dövləti Nazirlər Komitəsi tərəfindən Avropa Şurasının üzvü olmaq üçün dəvət edilə bilər. Bu şəkildə dəvət olunmuş hər hansı Dövlət mövcud Nizamnaməyə qoşulma haqqında sənədi öz adından Baş Katibə təqdim etdiyi andan üzv olacaqdır.

Maddə 5

a. Xüsusi hallarda, maddə 3-ün müddəalarını yerinə yetirməyə can atan və buna qadir hesab edilən Avropa Dövləti Nazirlər Komitəsi tərəfindən Avropa Şurasının assosiativ üzvü olmağa dəvət edilə bilər. Bu şəkildə dəvət olunmuş hər hansı Dövlət mövcud Nizamnaməni qəbul etməsi haqqında sənədi öz adından Baş Katibə təqdim etdiyi andan assosiativ üzv olacaqdır. Assosiativ üzv yalnız Məşvərət Məclisində təmsil olunmaq hüququna malikdir.

b. «Üzv» ifadəsi bu Nizamnamədə, Nazirlər Komitəsində təmsilçiliklə əlaqədar istifadəsi istisna olmaqla, assosiativ üzvü ehtiva edir.

Maddə 6

Yuxarıdakı 4-cü və 5-ci maddələrdə nəzərdə tutulan dəvətlər göndərilənə qədər, Nazirlər Komitəsi, təklif olunacaq üzvün iştirak etmək hüququ qazanacağı Məşvərət Məclisində nümayəndələrinin sayını və onun maliyyə öhdəliyinin miqdarını müəyyən edəcəkdir.

Maddə 7

Avropa Şurasının hər bir Üzvü, özünün üzvlükdən çıxmaq barədə niyyətini formal olaraq Baş Katibə bildirdikdən sonra üzvlükdən çıxa bilər. Əgər bildiriş maliyyə ilinin birinci doqquz ayı ərzində edilibsə, üzvlükdən çıxma bu barədə bildirişin edildiyi maliyyə ilinin sonunda baş verir. Əgər bildiriş maliyyə ilinin son üç ayı ərzində edilibsə, üzvlükdən çıxma növbəti maliyyə ilinin sonunda həyata keçirilir.

Maddə 8

Maddə 3-ün müddəalarını ciddi şəkildə pozan hər bir Avropa Şurası Üzvünün təmsilçilik hüququ dayandırıla bilər və Nazirlər Komitəsi tərəfindən maddə 7-də nəzərdə tutulmuş şərtlərlə Şuranın tərkibindən çıxmaq tələb oluna bilər. Əgər belə üzv bu tələblərə əməl etməzsə, Komitə tərəfindən müəyyən oluna bilən tarixdən etibarən onun Şuradakı üzvlüyü Komitənin qərarı ilə dayandırılır.

Maddə 9

Nazirlər Komitəsi, öhdəlik yerinə yetirilməmiş qaldığı müddət ərzində öz maliyyə öhdəliyini yerinə yetirmək imkanında olmayan üzvün Komitədə və Məşvərət Məclisində təmsilçilik hüququnu dayandıra bilər.

III fəsil. Ümümi müddəalar

Maddə 10

Avropa Şurasının orqanları bunlardır:

I. Nazirlər Komitəsi;

II. Məşvərət Məclisi(1)

Bu orqanların hər ikisinin fəaliyyətini Avropa Şurasının Katibliyi təmin edəcəkdir.

Maddə 11

Avropa Şurasının yerləşmə yeri Strasburq şəhəridir.

Maddə 12

Avropa Şurasının rəsmi dilləri ingilis və fransız dilləridir. Nazirlər Komitəsinin və Məşvərət Məclisinin prosedur qaydaları başqa dillərin istifadə edilməsinə yol verilən halları və şəraiti müəyyən edir.

IV fəsil. Nazirlər Komitəsi

Maddə 13

Nazirlər Komitəsi Avropa Şurası adından 15 və 16-cı maddələrə uyğun olaraq fəaliyyət göstərən orqandır.

Maddə 14

Hər bir üzv Nazirlər Komitəsində bir nümayəndə ilə təmsil olunacaqdır və hər bir nümayəndə bir səsə malik olacaqdır. Komitədə nümayəndələr xarici işlər nazirləri olacaqdır. Xarici işlər nazirinin iştirak etmək imkanı olmadıqda və ya məqsədəuyğun hesab olunan hər hansı digər hallarda, Komitənin işində iştirak üçün Nazirin yerinə onu əvəz edəcək və imkan daxilində öz ölkəsinin hökumət statusuna malik başqa bir şəxs təyin oluna bilər.

Maddə 15

a. Nazirlər Komitəsi, Məşvərətçi Məclisin tövsiyəsi əsasında və ya öz təşəbbüsü ilə, konvensiya və sazişlərin yekunları və xüsusi məsələlərə münasibətdə hökumətlər tərəfindən ümumi siyasətin qəbul edilməsi də daxil olmaqla, Avropa Şurasının məqsədinin həyata keçirilməsi üçün tələb olunan fəaliyyəti nəzərdən keçirəcəkdir. Onun nəticələri Baş Katib tərəfindən üzvlərə bildiriləcəkdir.

b. Nazirlər Komitəsinin qərarları lazımi hallarda üzvlərin Hökumətlərinə tövsiyə formasında çıxarıla bilər, eləcə də Nazirlər Komitəsi həmin tövsiyələrin yerinə yetirilməsi barəsində Hökumətlərə sorğu ilə müraciət edə bilər.

Maddə 16

Məşvərət Məclisinin maddə 24, 28, 30, 32, 33 və 35-də göstərilmiş səlahiyyətlərini nəzərə almaqla, Nazirlər Komitəsi Avropa Şurasının daxili təşkilatlanma və iş qaydası ilə əlaqədar bütün məsələlərə dair məcburi xarakterli qərarlar qəbul edir. Bu məqsədlə Nazirlər Komitəsi zəruri maliyyə və inzibati qaydalar qəbul edir.

Maddə 17

Nazirlər Komitəsi, məqsədəuyğun hesab etdiyi təqdirdə, konkret məqsədlərə nail olmaq üçün məsləhətçi və texniki xarakterli komitə və komissiyalar təsis edə bilər.

Maddə 18

Nazirlər Komitəsi tərkibində xüsusilə aşağıdakıların müəyyən edildiyi öz Prosedur qaydalarını qəbul edir:

I. Kvorum;

II. Sədrin təyin edilmə qaydası və onun səlahiyyət müddəti;

III. Qətnamələrə dair təkliflərlə əlaqədar qeydlərin verilməsi də daxil olmaqla, bəndlərin gündəliyə daxil edilmə qaydası; və

IV. Maddə 14-ə uyğun olaraq, müavinlərin təyin edilməsi barədə bildirişin verilmə qaydası.

Maddə 19

Məşvərət Məclisinin iclasları keçirilən zaman, Nazirlər Komitəsi öz fəaliyyəti haqqında hesabatı, müvafiq sənədləri əlavə edərək ona təqdim edir.

Maddə 20

a. Nazirlər Komitəsinin aşağıdakı vacib məsələlər üzrə qətnamələri:

I. Maddə 15-in «b» bəndinə uyğun tövsiyələr;

II. Maddə 19-a aid olan məsələlər;

III. Maddə 21-in «a» bəndinin «i» yarımbəndinə və «b» bəndinə aid məsələlər;

IV. Maddə 33-ə aid məsələlər;

V. Maddə 1-in «d» yarımbəndi və maddə 7, 15, 20 və 22-yə aid düzəlişlərlə əlaqədar tövsiyələr;

VI. Aşağıdakı «d» bəndi əsasında qəbul edilmiş qətnamə vasitəsilə onların əhəmiyyətlilik dərəcəsi nəzərə alınmaqla, Komitənin yekdilliklə qərar qəbul edə biləcəyi hər hansı digər məsələlər,

b. Prosedur qaydaları və ya maliyyə və inzibati qaydalara aid olan məsələlər Komitənin işində iştirak etmək hüququ olan nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir.

c. Maddə 4 və 5-in icrasına dair Komitənin qətnamələri Komitənin işində iştirak etmək hüququ olan nümayəndələrin ümumi sayının 2/3 səs çoxluğu ilə qəbul edilir.

d. Büdcənin qəbul edilməsi, prosedur qaydaları, maliyyə və inzibati qaydalar, yuxarıda qeyd olunmuş «a» bəndinin V yarımbəndindəkilər istisna olmaqla Nizamnamənin maddələrinə düzəlişlərlə əlaqədar tövsiyələr və şübhə yarandığı təqdirdə bu maddənin hansı bəndinin tətbiq olunmasına dair qərar səsvermədə iştirak edən nümayəndələrin 2/3 səs çoxluğu və Komitənin işində iştirak etmək hüququ olan nümayəndələrin əksər səs çoxluğu ilə qəbul edilir.

Maddə 21

a. Nazirlər Komitəsi, əgər başqa qərar qəbul olunmayıbsa öz iclaslarını:

I. Bağlı qapılar arxasında və

II. Şuranın yerləşdiyi yerdə keçirir.

b. Komitə bağlı qapılar arxasında keçirilmiş iclasın yekun və müzakirələrinə dair hansı məlumatların dərc olunmasını müəyyənləşdirəcəkdir.

c. Komitə Məşvərət Məclisinin hər bir sessiyasının açılışından əvvəl və açılışın başlanğıcında məcburi qaydada iclaslarını keçirir. Komitə lazımlı hesab etdiyi istənilən digər vaxtda da iclaslarını keçirə bilər.

V fəsil. Məşvərət Məclisi

Maddə 22

Məşvərət Məclisi Avropa Şurasının məsləhətçi orqanıdır. O, hazırki Nizamnamə iləəyyən olunmuş səlahiyyətlərinə aid olan məsələləri müzakirə edir və öz rəyini tövsiyə şəklində Nazirlər Komitəsinə təqdim edir.

Maddə 23(2)

a. Məşvərət Məclisi, I fəsildəəyyən olunduğu kimi, Avropa Şurasının məqsəd və səlahiyyətinə aid olan istənilən məsələni müzakirə edə və ona dair tövsiyələr verə bilər. O, həmçinin Nazirlər Komitəsi tərəfindən rəy üçün ona verilmiş istənilən məsələni müzakirə edə və ona dair tövsiyələr verə bilər.

b. Məclis yuxarıdakı «a» bəndinin müddəalarına uyğun olaraq öz gündəliyini müəyyən edir. Bu zaman o, Avropa Şurasının bütün Üzvlərinin və ya onlardan bəzilərinin iştirakçısı olduğu digər Avropa Hökumətlərarası təşkilatlarının iş qrafikini nəzərə alır.

c. Məclisin Sədri, şübhə yarandığı təqdirdə iclas zamanı qaldırılmış məsələnin Məclisin gündəliyinə aid olub-olmamasını həll edir.

Maddə 24

Məşvərət Məclisi maddə 38-in «d» bəndini lazımi qaydada nəzərə alaraq, maddə 23-dəəyyən olunduğu kimi öz səlahiyyətinə aid edilmiş istənilən məsələlərin baxılması, müvafiq məruzələr təqdim edilməsi, gündəliyə daxil edilmiş məsələlərin öyrənilməsi və bütün prosedur məsələləri üzrə rəylərin hazırlanması üçün komitə və komissiyalar təsis edə bilər.

Maddə 25(3)

a. Məşvərət Məclisi, hər bir üzv-Dövlətin özünün müəyyən etdiyi proseduraya uyğun surətdə, Parlamentlərinin tərkibindən seçilmiş və ya bu Parlament üzvlərinin sırasından təyin edilmiş Nümayəndələrdən ibarətdir. Bununla yanaşı əgər Parlament bu müddət ərzində iclas keçirmirsə və bu hal üçün zəruri prosedura müəyyən etməyibsə, hər bir Üzv-Dövlətin hökuməti əlavə təyinatlar edə bilər. Hər bir nümayəndə təmsil etdiyi Üzv-Dövlətin vətəndaşı olmalıdır, lakin eyni zamanda Nazirlər Komitəsinin üzvü ola bilməz.

Bu qayda ilə təyin olunmuş nümayəndələrin səlahiyyət müddəti onların təyin olunmasından sonrakı iclasın açılış günü başlayır; öz parlamentlərinə seçkilərdən sonra Üzv-Dövlətlərin yeni təyinatlar etməli olduğu hallar istisna olmaqla, səlahiyyət müddəti növbəti iclasın və ya növbəti iclaslardan hər hansı birinin açıldığı gün başa çatır.

Əgər Üzv-Dövlət ölüm və ya istefa ilə əlaqədar boşalmış yerlərə təyinatı həyata keçirirsə, həmçinin əgər o, Parlament seçkiləri keçirməsi ilə əlaqədar yeni təyinatlar həyata keçirirsə, bu zaman yeni nümayəndələrin səlahiyyət müddəti onların təyin olunduğu tarixdən sonrakı Məclisin iclasının açılış günü başlayır.

b. Nümayəndələrin heç biri onun razılığı olmadan Məclisin iclas müddəti ərzində mandatından məhrum edilə bilməz.

c. Hər bir Nümayəndə, özünün olmadığı müddətdə, onun əvəzinə iclasın işində iştirak edə, çıxış edə və səs verə biləcək Müavininə malik ola bilər. Yuxarıdakı «a» bəndinin müddəaları eynilə Müavinin təyin olunması qaydasına da şamil edilir.

Maddə 26(4)

Avropa Şurası üzvləri aşağıdakı sayda Nümayəndə hüququna malikdir:

Albaniya

4

Andorra

2

Avstriya

6

Belçika

7

Bolqarıstan

6

Xorvatiya

5

Kipr

3

Çexiya Respublikası

7

Danimarka

5

Estoniya

3

Finlandiya

5

Fransa

18

Gürcüstan

5

Almaniya

18

Yunanıstan

7

Macarıstan

7

İslandiya

3

İrlandiya

4

İtaliya

18

Latviya

3

Lixtenşteyn

2

Litva

4

Lüksemburq

3

Malta

3

Moldova

5

Niderlandiya

7

Norveç

5

Polşa

12

Portuqaliya

7

Rumıniya

10

Rusiya

18

San-Marino

2

Slovakiya Respublikası

5

Sloveniya

3

İspaniya

12

İsveç

6

İsveçrə

6

Keçmiş Yuqoslaviya Respublikası Makedoniya

3

Türkiyə

12

Ukrayna

12

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

18

Maddə 27(5)

Məşvərət Məclisində müzakirələr zamanı Nazirlər Komitəsinin kollektiv orqan kimi təmsil oluna bildiyi və ya Komitədəki nümayəndələrin və onların müavinlərinin Məclis qarşısında şəxsən çıxış edə bildikləri şərtlər, Məclis ilə məsləhətləşmədən sonra Komitə tərəfindən tərtib edilən prosedur qaydalara uyğun surətdəəyyən olunur.

Maddə 28

a. Məşvərət Məclisi öz prosedur qaydalarını qəbul edir. O, öz üzvləri sırasından növbəti iclasadək bu vəzifədə qalan Sədri seçir.

b. Sədr iclaslara başçılıq edir, lakin nə müzakirələrdə, nə də səsvermədə iştirak edir. Sədr seçilmiş Nümayəndəni əvəz edən şəxsin iclaslarda iştirak etmək, çıxış etmək və öz yerində səs vermək hüququ var.

c. Prosedur Qaydaları o cümlədən aşağıdakıları müəyyən edir:

I. Kvorum;

II. Sədr və digər vəzifəli şəxslərin seçilmə qaydası və səlahiyyət müddəti;

III. Gündəliyin hazırlanması və onun haqqında Nümayəndələrə məlumat verilmə qaydası; və

IV. Nümayəndələrin və onları əvəz edən şəxslərin adları barədə məlumatlandırmanın müddəti və qaydası.

Maddə 29

Maddə 30-un müddəalarına riayət olunması şərtilə, Məşvərət Məclisi bütün qətnamələri, o cümlədən:

I. Nazirlər Komitəsinə tövsiyələrin əhatə olunduğu;

II. Məclisdə müzakirə edilmək üçün Komitəyə məsələlərin təklif olunduğu;

III. Komitə və komissiyaların yaradılmasının nəzərdə tutulduğu;

IV. İclasın açılış tarixi müəyyən edildiyi;

V. Yuxarıdakı I-IV yarımbəndlərdə əhatə olunmayan hallarla əlaqədar qətnamələr üçün lazım olan səslərin sayını və ya şübhə yarandığı təqdirdə qərar qəbul etmək üçün səslərin sayını müəyyənləşdirən qətnamələr səsvermədə iştirak edən Nümayəndələrin 2/3 səs çoxluğu ilə qəbul olunur.

Maddə 30

Məşvərət Məclisinin onun iş qaydasına, xüsusilə də vəzifəli şəxslərin seçilməsinə, komitə və komissiyaların üzvlərinin təyin olunmasına və prosedur qaydalarının təsdiqinə dair qətnamələri maddə 29-un V yarımbəndinə uyğun şəkildə Məclis tərəfindən müəyyən olunan əksər səs çoxluğu ilə qəbul edilir.

Maddə 31

Məşvərət Məclisinin gündəliyinə hər hansı bir məsələnin salınmasına aid müzakirələr (Nazirlər Komitəsinə təqdim edilməli olan təkliflər üzrə) yalnız baxılan məsələnin mahiyyəti üzrə və baxılan məsələnin gündəliyə daxil edilməsinin «lehinə» və ya «əleyhinə» motivlərinin müəyyənləşdirilməsi üçün keçirilməlidir.

Maddə 32

Məşvərət Məclisi hər il növbəti iclasını bu iclasın açılış tarixinin və keçirilmə müddətinin Məclis tərəfindan eləəyyənləşdirilməsinə nail olur ki, onlar mümkün olan qədər Üzv-Dövlətlərin Parlamentlərinin iclasları və BMT Baş Məclisinin iclasları ilə eyni vaxta düşməsin. Əgər Məclis və Nazirlər Komitəsi ümumi razılıqla başqa qərar qəbul etməmişlərsə, növbəti iclasların müddəti heç bir halda bir aydan artıq ola bilməz.

Maddə 33

Məclis və Nazirlər Komitəsi ümumi razılıqla başqa qərar qəbul etməmişlərsə, Məşvərət Məclisinin növbəti iclasları Şuranın yerləşdiyi yerdə keçirilir.

Maddə 34

İclasın keçirilmə tarixi və yeri də daxil olmaqla öz aralarında razılığa gəlməklə Nazirlər Komitəsinin və ya Məclis Sədrinin təşəbbüsü ilə Məşvərət Məclisinin fövqəladə iclası çağırıla bilər.

Maddə 35

Məşvərətçi Məclisin iclasları, əgər o başqa qərar qəbul etməyibsə, açıq keçirilir.

VI fəsil. Katiblik

Maddə 36

a. Katiblik Baş Katibdən, Baş Katibin Müavinindən və lazımi heyətdən ibarətdir.

b. Baş Katib və Baş Katibin Müavini Nazirlər Komitəsinin tövsiyəsi ilə Məşvərət Məclisi tərəfindən təyin edilir.

c. Katibliyin digər əməkdaşları inzibati qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir.

d. Katibliyin əməkdaşlarından heç kəs Hökumət tərəfindən haqqı ödənilən vəzifə tuta bilməz, Məşvərət Məclisinin və ya istənilən milli qanunverici orqanın üzvü ola bilməz, ya da onun vəzifələri ilə bir araya sığmayan hər hansı bir işlə məşğul ola bilməz.

e. Katibliyin heyətinin hər bir üzvü təntənəli surətdə elan etmə yolu ilə Avropa Şurasına münasibətdə öz vəzifələrini və milli qəbildən olan mülahizələrdən asılı olmayaraq xidməti vəzifələrini vicdanla yerinə yetirmək, eyni zamanda hər hansı bir Hökumət və ya Avropa Şurasına yad olan hakimiyyətdən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar heç bir göstərişin soruşulmaması və qəbul olunmaması, müstəsna olaraq Avropa Şurası qarşısında məsuliyyət daşıyan beynəlxalq məmur statusuna sığmayan hər hansı bir hərəkəti etməkdən çəkinmək qətiyyətini təsdiq etməlidir. Baş Katib və Baş Katibin Müavini belə bəyanatı Nazirlər Komitəsi qarşısında, heyətin digər üzvləri isə Baş Katib qarşısında verirlər. Hər bir Üzv-Dövlət Baş Katibin və Katibliyin heyətinin vəzifələrinin beynəlxalq xarakterinə ciddi hörmət etməli və öz vəzifələrinin icra olunması zamanı onlara təsir göstərməkdən çəkinməlidir.

Maddə 37

a. Katiblik Şuranın olduğu yerdə yerləşir.

b. Baş Katib Katibliyin fəaliyyətinə görə Nazirlər Komitəsi qarşısında məsuliyyət daşıyır. O, xüsusilə də maddə 38-in «d» bəndinin müddəalarını nəzərə alaraq Məşvərət Məclisinə onun ehtiyac duyduğu inzibati və digər yardımları göstərir.

VII fəsil. Maliyyələşdirmə

Maddə 38(6)

a. Hər bir üzv Nazirlər Komitəsində və Məşvərət Məclisindəki nümayəndəliyi ilə bağlı xərcləri ödəyir.

b. Katibliyin xərcləri və bütün digər birgə xərclər hər bir üzvün əhalisinin sayı əsasında Nazirlər Komitəsi tərəfindən müəyyən edilmiş nisbətdə bütün üzvlər arasında bölünür. İstənilən Assosiativ üzvün üzvlük haqqı Nazirlər Komitəsi tərəfindən müəyyən edilir.

c. Baş Katib maliyyə qaydalarına uyğun olaraq hər il Komitə tərəfindən bəyənilməsi üçün Avropa Şurasının büdcəsini təqdim edir.

d. Baş Katib Məclisin və onun fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş büdcə xərclərinə daxil olan məbləğdən artıq olan xərclərlə əlaqədar Məclisin sorğularını Komitəyə təqdim edir.

e. Baş Katib Komitəyə təqdim edilən tövsiyələrin hər birinin icrası üçün zəruri olan xərclərin smeta layihəsini eyni şəkildə Nazirlər Komitəsinə təqdim edir. İcrası əlavə xərclər tələb edən istənilən qətnamə Nazirlər Komitəsi tərəfindən yalnız o zaman qəbul edilmiş sayılır ki, bu cür əlavə xərclərin müvafiq smeta dəyəri sonuncu tərəfindən bəyənilsin.

Maddə 39

Baş Katib hər il hər bir üzvün Hökumətini onun üzvlük haqqının məbləği barədə məlumatlandırır; hər bir üzv ona məlumat verildiyi gün ödənməli hesab olunan üzvlük haqqı məbləğini Baş Katibə ödəyir. Lakin bu ödəmə bildirişin verildiyi tarixdən sonrakı altı aylıq müddətdən gec həyata keçirilə bilməz.

VIII fəsil. İmtiyazlar və İmmunitetlər

Maddə 40

a. Avropa Şurası, Üzvlərin nümayəndələri və Katiblik Üzvlərin ərazisində öz vəzifələrini yerinə yetirmək üçün məqsədəuyğun hesab olunan zəruri imtiyaz və immunitetlərdən istifadə edirlər. Bu immunitetlərə bütün Üzvlərin ərazisində Məşvərət Məclisindəki nümayəndələrin Məclisin, onun komitə və komissiyalarının işinin gedişində söylədikləri və səsvermələri ilə əlaqədar həbs və digər hüquqi prosedurlardan irəli gələn immunitetlər daxildir.

b. Avropa Şurasının Üzvləri mümkün qədər tez bir zamanda yuxarıdakı «a» bəndində nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi məqsədilə imzalanmış sazişlərin iştirakçısı olmağa öhdəlik daşıyırlar. Bu məqsədlə Nazirlər Komitəsi Üzvlərin Hökumətlərinə bütün üzvlərin ərazisində təqdim olunan imtiyaz və immunitetləri müəyyən edən sazişi bəyənməyi tövsiyə edir. Bundan başqa, Fransa Respublikasının Hökuməti ilə Avropa Şurasının yerləşdiyi yerdə istifadə etdiyi imtiyaz və immunitetləri müəyyən edən xüsusi bir saziş imzalanır.

IX fəsil. Düzəlişlər

Maddə 41

a. Bu Nizamnaməyə aid olan düzəlişlər barədə təkliflər Nazirlər Komitəsinə və ya maddə 23-də nəzərdə tutulmuş şərtlərə uyğun olaraq Məşvərət Məclisinə təqdim oluna bilər.

b. Komitə məqsədə müvafiq hesab etdiyi təqdirdə Nizamnaməyə Protokol şəklində tövsiyələr verir və dəyişiklikləri rəsmiləşdirir.

c. Düzəlişlərə dair Protokol imzalandıqdan və üzvlərin 2/3-si tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.

d. Bu maddənin əvvəlki bəndlərinin müddəalarından asılı olmayaraq, Komitə və Məclis tərəfindən bəyənilmiş maddə 23-35, 38 və 39-a düzəlişlər Baş Katib Üzv-hökumətlərə həmin düzəlişlərin bəyənilməsini təsdiq edən xüsusi Şəhadətnamə verdiyi tarixdən qüvvəyə minir. Bu bəndin müddəaları yalnız Məclisin ikinci növbəti iclası başa çatdıqdan sonra tətbiq edilə bilər.

X fəsil. Yekun müddəaları

Maddə 42

a. Bu nizamnamə ratifikasiya edilməlidir. Ratifikasiya şəhadətnamələri saxlanmaq üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökumətinə təqdim edilir.

b. Bu Nizamnamə yeddi ratifikasiya şəhadətnaməsi saxlanmağa verildikdən sonra qüvvəyə minir. Birləşmiş Krallığın Hökuməti Nizamnaməni imzalamış bütün hökumətlərə Nizamnamənin qüvvəyə minməsi haqqında şəhadətnaməni göndərir və həmin tarix üçün Avropa Şurası Nizamnaməsinin üzvü olan dövlətlərin siyahısını təqdim edir.

c. Sonradan Nizamnaməni imzalamış istənilən digər hökumət öz ratifikasiya şəhadətnaməsinin saxlanmağa verildiyi tarixdən bu Nizamnamənin İştirakçısı olur.

Bunu təsdiq edərək lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Nizamnaməni imzaladılar.

1949-cu il mayın 5-ci günü Londonda ingilis və fransız dillərində bir nüsxədə icra edildi, həm də hər iki mətn eyni qüvvəyə malikdir. Əsl nüsxə Birləşmiş Krallığın Hökumət arxivində saxlanır, sonuncu lazımi qaydada təsdiq edilmiş surətləri Nizamnaməni imzalamış digər Hökumətlərə göndərir.

(1) 1994-cü ilin fevralında Nazirlər Komitəsi gələcəkdə Avropa Şurasının bütün sənədlərində «Məşvərət Məclisi» əvəzinə «Parlament Assambleyası» adından istifadə olunmasını qərara almışdır.

(2) 1951-ci ilin may ayında edilmiş düzəlişdə olduğu kimi verilir.

(3) «a» bəndinin birinci cümləsi mart 1951-ci il tarixində edilmiş düzəlişdə olduğu kimi, «a» bəndinin son iki yarımbəndi may 1953-cü il tarixində əlavə edilmişdir: «a» bəndinin I yarımbəndinə oktyabr 1970-ci il tarixində düzəliş edilmişdir.

(4) Dekabr 1951, may 1958, noyabr 1961, may 1963, may 1965, fevral 1971, dekabr 1974, oktyabr 1976, yanvar 1978, noyabr 1978, noyabr 1988, may 1989, noyabr 1990, noyabr 1991, may 1992, may 1993, iyun 1993, oktyabr 1993, noyabr 1994, fevral 1995, noyabr 1995, fevral 1996, noyabr 1996, aprel 1999-cü il tarixində düzəliş edildiyi kimi verilir.

(5) May 1951-ci il tarixində düzəliş edildiyi kimi verilir.

(6) Maddə 38-in «e» bəndi 1951-ci ilin mayında əlavə edilmişdir.

© LegalActs LLC