Azərbaycanda qadın zorakılığı, dəhşətli statistika - Necə mübarizə aparaq?
XƏBƏRLƏR
Azərbaycanda qadın zorakılığı, dəhşətli statistika - Necə
mübarizə aparaq?
12 Oktyabr 2019 , 12:50
Son 5 gündə Azərbaycanda 12 qadın cinayəti törədilib və təəssüf
ki, bu cinayətlərdən 4-ü ölümlə nəticələnib.
Əvvəlcə həmin
cinayətlərin siyahısı:
1. Bakı, Binəqədi
rayonu, “Avtovağzal” metrosu yaxınlığında Nicat Abdullayev küçəsində həyat
yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə
qətlə yetirib.
2. Beyləqanın, Yuxarı
Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı
Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.
3. Daşkəsənin Əmirvar
kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə
qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə
özü ilə cehiz kimi qoyun gətirməməsi olub.
4. Bakıda Nizami
rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova
Cəvahir Telman qızını qısqanclıq zəmnində bıçaqlayaraq öldürüb.
5. Tərtərin Şıxarx
qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.
Hadisənin ailə münaqişəsi zəmnində və qəsdən törədildiyi bildirilir.
6. Gəncənin Bayan
küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızının boğazı əri
Məhərrəm Sirati tərəfindən kəsilib.
7. Bakının Nəsimi
rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.
8. Abşeronun Masazır
qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən
döyülərək öldürülüb.
9. Bakıda məhbus Ramin
Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb
və kəsici alətlə ona ağır xəsarət yetirib.
10. Bakıda, Atatürk
prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana
İbrahim qızını döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar.
11. Xətai rayonu, NZS
qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü
Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.
12. Nəsimi rayonunda
44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.
Siyahıya daha biri
əlavə olunub. Bakıda oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərov
mənzilində arvadı 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı yatmış vəziyyətdə,
qantellə öldürüb.
Bəs, əsas günahkar kimdir? Qadına qarşı zorakılıqla necə
mübarizə aparmaq lazımdır?
“Cəmiyyət varsa, cinayət də var”
Keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev
Primetime.az-a danışarkən deyib ki,
Cinayət Məcəlləsində bununla bağlı fəsillər var:
“Adam öldürmək, kimisə
döymək, işgəncə vermək və.s – şəxsiyyət əleyhinə olan cinayətlərdir. Bunların
da özünün səbəbi, motivi olur. Əvvəla, elə ölkə yoxdur ki, orada cinayət
olmasın. İnsan, ölkə, yaşayış faktoru varsa, burada hökmən cinayət də
olmalıdır. Dırnaqarası olsa da, bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır.
Sensasiya kimi yanaşmaq, hay-küy salmaq olmaz. Qadınları öldürdülər və ya qadın
kişini öldürdü, nəticədə insan faktoru var. Cəmiyyət varsa, cinayət də var.
Digər tərəfdən baş verənlər şəxsiyyət əleyhinə olan cinayətlərdir və bunları
yaradan səbəblər olur. Ailə münaqişəsinə görə, qısqanclıq zəmnində, dava-dalaş
ucbatından və başqa problemlərdən ola bilər. Son bir-iki hadisə ilə bağlı biz
rəy verə bilmərik. İşi aparan müstəntiqlər var və onlar da kifayət qədər
savadlıdırlar. Müstəntiqlər motivin nəyə görə olmasını daha yaxşı bilirlər. Biz
ancaq subyektiv fikrimizi deyə bilərik. Amma hadisədir, olan şeydir. Bir
də gördün iki-üç ay, ümumiyyətlə, bu cür cinayət faktları olmadı. Yəni,
məsələni konkretləşdirmək, “bu, ay niyə belə oldu” demək mümkün deyil.
Şəxsiyyət əleyhinə olan cinayətlər həmişə olub – keçmişdə də, indi də”.
“Jurnalist yazır, amma
kimisə təhrik etmir ki, bunu sən də et”
M.Hacıyev qeyd edib ki, bu cür faktların sosial
şəbəkələrdə, mediada işıqlandırılması cinayət faktorlarının artmasına təkan
verə bilməz:
“Düşünmürəm ki, belə bir şey olsun. Bu, mənim
subyektiv fikrimdir. Məlumatı yaymaq kütləvi informasiya vasitələrinin işidir,
jurnalistə qadağa qoymaq olmaz. Dünyanın hər yerində belədir, cinayət faktlarını
media vasitəsilə bilirik. İnanmıram ki, hadisələrin işıqlandırılması bu cür
halların artımına səbəb olsun. Tutaq ki, oğurluq , qəsdən adam öldürmə hadisəsi
baş verib, bunu jurnalist yazır, amma kimisə təhrik etmir ki, bunu sən də et.
Belə bir şeydən söhbət gedə bilməz”.
Kriminalistin
sözlərinə görə, cinayət faktları yalnız qadınlara deyil, kişilərə qarşı da
olur:
“Həyat yoldaşına xəsarət yetirən qadınlar da var. Bunu
yalnız qadına qarşı zorakılıq kimi qiymətləndirmək olmaz. Aydın məsələdir,
ərazi polis bölməsi bu istiqamətdə iş, tədqiqat aparır. Ola bilər, qadına qarşı
zorakılıq halları baş verir. Keçmişdə ailənin ağsaqqalı münaqişənin
həlli istiqamətində tövsiyələr verərdi. Çox zaman qohumlar, ailənin
yaxınları yığışıb bu cür məsələləri yola qoyurdu. Və ya zorakılıq görən qadın,
kişi polisə müraciət edir. Yəni, məsələlərə sensasiya kimi rəy vermirəm. Digər
tərəfdən bilirsiniz, hazırda Daxili İşlər Nazirliyinin daxilində müəyyən
dəyişikliklər olur, müsbət istahatların şahidi oluruq. Bu baxımdan düşünürəm
ki, bu islahatların nəticəsi olaraq cəmiyyətdə mənfi hadisələrin sayında azalma
olacaq”.
Psixoloq Fərqanə
Mehmanqızı saytımıza açıqlamasında bildirib ki, cinayət hər zaman, hər dövrdə
olur:
“Amma biz cinayət faktları haqqında eşidəndə şok
yaşayırıq. Bu gün xüsusilə ailədaxili cinayət halları o qədər çoxalıb ki...
Bunu da media vasitəsilə bilirik. Hər gün bir yox, bir neçə cinayət xəbərləri
ilə qarşılaşırıq. Bu, istər-istəməz cəmiyyətə də inteqrasiya edir. Həmçinin
insanlarda daxili aqressiya var və bu, boşluqdan, özgüvənsizlikdən yaranıb.
Nəticədə insanlar hər şeyi daha şişirdilmiş şəkildə yaşamağı xoşlayırlar.
Məsələn, indi “Tik-Tok” və başqa sosial şəbəkə vasitələri var və bunlar çox
insaların həyatına mənfi təsir edir. Düzdür, sosial şəbəkələrin müsbət
tərəfləri də bəllidir, amma bu gün mənfiləri vurğulamaq istəyərdim. Bu gün
sosial şəbəkə doğrudan da insanlara psixoloji təsir edir.
Tutaq ki, biri ancaq gəzintilər, qonaqlıqlarla bağlı
şəkillər paylaşır, digəri evdə oturub baxır və özü ilə müqayisə edərək
depressiyaya düşür, həyatını sorğulayır, aqressiya yaşayır. Cinayətlər də
elədir, yəni bunu çox adiləşdiriblər. Cəmiyyətdə fikirlər çox olduğuna görə,
onlar kütlələrə bölünür. Mütləq paylaşım edənlərin tərəfdaşları olur. “Afərin”,
“namus üstündə adam öldürdü, halaldı” kimi fikirlərlə qatillərin tərəfini
tutan, onlara qarşı olan kütlə də var. Lakin əvvəl belə deyildi. Hər hansı bir
kənd¸qəsəbədə müəyyən cinayət hadisəsi baş verirdi, xırda kütlə ancaq dinc
fikrin dalında dururdu. Həmçinin “el qınağı” yüksək idi. Bu gün vəziyyət eyni
deyil. Sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar o qədərdir ki, sanki
birini öldürmək kiminsə dalınca danışmaq kimi bir şeydir. Belə şəraitdə
uşaqların hansı psixoloji problemlərlə böyüyəcəyini təsəvvür etmək çətindir”.
“Bu gün tanış olub,
2-3 aydan sonra evlənirlər”
F.Mehmanqızı qeyd edib ki, indiki durumda
maarifləndirmə mütləqdir:
“El qınağı çox önəmlidir. Cəmiyyətin qınağı, ittihamı
əhəmiyyətlidir. Yalnız qadına qarşı zorakılıqla bağlı deyil, ümumiyyətlə, şiddətə,
cinayətə qarşı çıxmaq çox yaxşı olardı. Bir ananı övladlarının gözü qabağında
öldürmək həmin uşaqları da öldürmək deməkdir. O uşaqlar hansı psixologiya ilə
böyüyəcək, necə ailə quracaqlar, şəxsiyyət kimi formalaşıb cəmiyyətdə necə
özünə yer tutacaq – bunları deməyə ehtiyac yoxdur, artıq hər kəsə bəllidir”.
Psixoloq vurğulayıb ki, hər bir qadın hüquqlarını
bilməlidir:
“Münasibətdə olduğun
insanı tanımaq lazımdır. Bu gün insanlar kimlərinsə “evdə qaldı” sözünə görə və
ya sosial şəbəkələrdə paylaşım edib özünü göstərmək üçün ailə qurmamalıdırlar.
Ailə qurmamışdan qabaq psixoloqa getsələr, qarşısındakı insanı daha yaxşı tanıyarlar,
bir-birilərinə uyğun olub-olmadıqlarını görərlər. Amma bu gün tanış olurlar,
2-3 aydan sonra evlənirlər. Deyə bilərlər ki, bundan əvvəl də görücü üsulu ilə
evlənmişdilər, bir şey olmayıb. Amma o vaxt böyüklərin ailədə ağırlığı, hökmü
var idi. İndi 2-3 aya evlənirlər və sonu da yaxşı bitmir. İnsanlar sadəcə
görüntü xətrinə ailə qururlar, hətta görüntü xətrinə də uşaq dünyaya
gətirirlər”.