AZƏRBAYCANDA DƏHŞƏTLİ AİLƏ MÜNAQİŞƏLƏRİ - BEŞ AYDA 13 KİŞİ ARVADINI, 2 QADIN ƏRİNİ ÖLDÜRÜB - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

AZƏRBAYCANDA DƏHŞƏTLİ AİLƏ MÜNAQİŞƏLƏRİ - BEŞ AYDA 13 KİŞİ ARVADINI, 2 QADIN ƏRİNİ ÖLDÜRÜB

XƏBƏRLƏR
 

Azərbaycanda dəhşətli ailə münaqişələri - Beş ayda 13 kişi arvadını, 2 qadın ərini öldürüb

11 nəfər isə həyat yoldaşının qətlə yetirməyə cəhd edib
Azərbaycanda baş verən ailə daxili münaqişələrin qətllə, yaxud münaqişə tərəflərindən birinin ciddi xəsarətlər alması ilə nəticələnən cinayətlər tez-tez baş verir. Psixoloqlar bunun müxtəlif səbəblərdən baş verdiyini qeyd etsələr də, bəzən bütöv bir ailənin faciəsi ilə yekunlaşan bu hadisələrin qarşısını almaq mümkün deyil. Əlbəttə, bunun başlıca səbəbini ilk növbədə Azərbaycanda ailə institutu ilə bağlı ortaya çıxan problemlərlə izah etmək olar. Bu cür hadisələrin baş verməsində iştirakçı tərəflərə gəldikdə, birmənalı olaraq daha çox ailə münaqişələrinə qısqanclığın, tərəflərdən birinin xəyanətinin, yaxud uğursuz sevginin səbəb olduğunu söyləmək mümkündür.
Biz Modern.az saytı olaraq indi bu problemin kökünü arayıb tapmaq niyyətində, yaxud hansısa konkret faktın bu cür dəhşətli cinayətlərə yol açdığını iddia etməkdən uzağıq. Biz, sadəcə rəsmi mənbələrin məlumatlarına istinad edərək, ilin ilk beş ayında ölkədə ailə və yaxın qohumlar arasında qeydə alınan cinayətləri təqdim edəcəyik. Öncə ərlə-arvad arasındakı münaqişələrin statistikasına nəzər salaq. Araşdırmamız nəticəsində məlum olub ki, beş ay ərzində 13 kişi həyat yoldaşını bu və ya digər səbəbdən qətlə yetirib, 11 nəfərin bu cəhdi isə uğursuz nəticələnib.

Yemək üstündə arvadını öldürdü
1. Binəqədi rayon, Çiçək qəsəbə sakini, 28 yaşlı Əbülfəz Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı olan həmyaşıdı Günel Məmmədovanı döyərək ağır bədən xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Qatil ər ifadəsində deyib: "Gördüm evdə heç nə hazır deyil, mən də vurdum". Onun sözlərinə görə, həyat yoldaşının təhqir etməsi onu bir az da qıcıqlandırıb. Bu vaxt onun başını divara vurub. Yerə yıxılan qadın huşunu itirib.

SMS qətllə nəticələndi
2. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan 43 yaşlı Natiq Bayramov həyat yoldaşı 34 yaşlı Gülnarə Bayramovanı bıçaqlayıb. Bildirilib ki, N.Bayramov xeyli müddət imiş həyat yoldaşının mobil telefonuna tanımadığı nömrədən SMS-lərin gəldiyini müəyyənləşdirib. O, bir neçə dəfə SMS-lərin gəldiyi nömrəyə zəng vursa da, qarşı tərəf cavab verməyib. Şübhələri daha da artan N.Bayramov həyat yoldaşından məsələyə aydınlıq gətirməsini istəyib və beləliklə ailədə münasibətlər daha da gərginləşib. Sonuncu SMS-dən sonra isə N.Bayramov 34 yaşlı arvadını öldürmək qərarına gəlib.
Arvadını öldürüb intihara cəhd etdi
3. Bakının Nizami rayonu Keşlə qəsəbəsi ərazisində Fəridə Səlimcanovanın yaşadığı evdə qohumu, Bakı şəhər sakini Sənan Qulamov münaqişə zəminində arvadı Əfiqəni bıçaqla qətlə yetirib S.Qulamov sonra özünə də boyun, qol və qarın nahiyələrindən xəsarət yetirib.

4.Şirvan şəhərində yaşayan 47 yaşlı Mübariz Cavidi ailə münaqişəsi zəminində həyat yoldaşı, 42 yaşlı Xoşbəxt Cavidini bıçaqla qətlə yetirib. Mübariz Cavidi qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbi qəbul edib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

5. Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və bıçaqla xəsarət yetirərək öldürüb. Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul edən R.Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

6. Sumqayıt şəhəri, 16-cı mikrorayonda yaşayan 71 yaşlı Həbib Həbibov ailə münaqişəsi zəminində özündən 10 yaş kiçik həyat yoldaşı Nənəxanım Həbibovanı döyüb və başına güldan vuraraq qətlə yetirib.

7. Masallı şəhərində 26 yaşlı Mirpaşa Ağayev ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Xancanovanı bıçaqla bədən xəsarəti yetirməklə öldürüb. Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən Aysel Xancanova ay yarım öncə evdən çıxaraq naməlum ünvanda yaşayıb. Onun qayınatası Mirsalman Ağayevin sözlərinə görə, gəlinin qəfildən yoxa çıxması faktı ilə bağlı polis orqanlarına məlumat verilib. Sonradan məlum olub ki, A. Xancanova Bakıdakı kafelərin birində işləyir. İki gün öncə isə rayona qayıdan Aysellə əri Mirpaşa arasında düşən mübahisə qətllə nəticələnib.
İlkin araşdırmalardan sonra o da məlum olub ki, M. Ağayevlə A. Xancanovanın nikahları qeyri-rəsmi olub və onların üç övladı (6 yaşlı Nursel, 5 yaşlı Nərgiz və 1,5 yaşlı Rza) var.


Keçmiş polis əməkdaşı arvadını boğub öldürdü
8. Yasamal rayonunda 36 yaşlı Dilavər Əhmədov həyat yoldaşı, 25 yaşlı Günay Əhmədovanı boğaraq öldürüb. Araşdırma zamanı məlum olub ki, keçmiş polis işçisi D.Əhmədovun ailəsində problemin yaranmasına səbəb onun 3 övladının anası səbəbkar olub.  Bildirildiyinə görə, G.Əhmədova bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq “Odnoklassniki”də olarkən əvvəllər sevgilisi olan bir nəfəri tapıb. Keçmiş tanışını tapan qadın sonradan onunla yenidən münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov məsələdən xəbər tutub. Bundan sonra cütlük arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik arvadını boğaraq qətlə yetirib.

Çoban Xanışın oğlu da arvad qatili oldu
9. Növbəti ağır qətl Lerik rayonunda baş verib. Bir zamanlar Azərbaycanda hamının tanıdığı çoban Xanış kişinin oğlu, 40 yaşlı Nazim Şahıyev həyat yoldaşını qətlə yetirib. Araşdırma nəticəsində məlum olub ki, Nazim Şahıyev axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Özündən bir yaş kiçik arvadı Səkinə Əliyeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman qadın həyətə düşərək Daxili İşlər Naziriliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Arvadını izləmək üçün çölə çıxan kişi onun adıçəkilən xidmətə zəng etdiyini görüb. O, evə qayıdaraq mətbəx bıçağını götürüb. Qadını bıçaqlamaq üçün onun arxasınca qaçmağa başlayıb. Bu zaman Səkinə Əliyeva qaçaraq qonşunun həyətinə girmək istəsə də, buna nail ola bilməyib.
N.Şahıyev ona qonşunun qapısının yanında 6 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Tibb bacısı xəstəxana qarşısında qətlə yetirildi                                                                     
10. Bakıda 5 saylı xəstəxananın qarşısında 39 yaşlı paytaxt sakini Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 31 yaşlı Minarə Salmanovanı qətlə yetirib. Nərimanov rayon Polis İdarəsinin yaydığı mlumata görə, mərhum tibb bacısının iş yoldaşları bildiriblər ki, M.Salmanova təxminən iki il əvvəl Şahlardan boşanıb. Elə o vaxtdan əri onu rahat buraxmır, xəstəxanaya gələrək onu öldürəcəyi ilə hədələyirmiş. Nəhayət, həmin gün Minarə işə gələrkən xəstəxananın həyətində onun qarşısını kəsərək bıçağı ürəyinə sancıb. Minarənin iki azyaşlı uşağı olub.

11. Sabunçu rayonu,  Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini, 35 yaşlı Emin Heydərov ailə münaqişəsi zəminində həyat yoldaşı, Zəngilan rayon sakini, 27 yaşlı Şəhanə Nağıyevanı boğarq öldürüb. Verilən məlumata görə, Emin keçmiş həyat yoldaşının yanına gələrək onunla barışmaq niyyətində olduğunu bildirib. Bu zaman mərhum sərt danışdığından Heydərov onun boğazına elektrik naqili dolayaraq boğmağa başlayıb.  Şəhanə Nağıyeva həyat yoldaşından ötən il ayrılıb anasının evində yaşayırmış. Hadisə də Pirşağı qəsəbəsində mərhumun anasına məxsus evdə baş verib.
Digər məlumata görə. onların boşanması barədə  məhkəmə hadisədə bir gün əvvəl qərar verib. Mayın 25-də Emin uşaqlarını görmək üçün Pirşağı qəsəbəsinə gedib. Orada Şəlalə ona uşağı ilə görüşə icazə verməyib. Əsəbləşən Emin elə orada Şəlaləni boğub.

12. Mayın 27-də Goranboy şəhərində Nicat Həsənov qayınatasının yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Günay Quliyevaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən G.Quliyeva orada dünyasını dəyişib. Gənclər və İdman Mərkəzində müəllim işləyən N.Həsənov bir neçə ay əvvəl Günayla evlənib. Rayondakı orta məktəblərdən birində müəllim işləyən Günay hadisədən bir neçə gün əvvəl əri ilə dava edərək ata evinə gedib. Nicat isə hadisə günü onu evinə qaytarmaq üçün qaynatasının evinə gedib. Elə orada mübahisə düşüb və arvadına elə qaynanasının gözləri qarşısında 10-dan artıq bıçaq zərbəsi vurub.

13. Yardımlı rayonu, Kürəkçi kənd sakini, 26 yaşlı Samir Hüseynov qısqanclıq zəminində həyat yoldaşı, 22 yaşlı Fəridə Babayevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Yaşlı qadın ər qatili oldu
1. Astara rayonu, Pensər kəndində 71 yaşlı Nənəxanım Qasımova əri 76 yaşlı Nəriman Qasımovu amansızcasına qətlə yetirib. Qadınn bir neçə yerindən bıçaqladığı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər ölüm ayağında olan qoca kişini xilas edə bilməyiblər.
Hadisəni törədən 71 yaşlı qarı tutulub. Baş verənlərdən şoka düşən yaxınları 6 uşaq anasının bu yaşında qətl törədəcəyinə inanmaq istəmədiklərini desələr də, ər-arvadın arasında daim münaqişənin olmasını etiraf edirlər.
Evin gəlini Raifə Qasımova bildirib ki, kişi 8 ildir Rusiyadan qayıdıb: “Onlar bir-birilə danışmırdılar. Hey çalışdıq, amma heç nə alınmadı. Ailə problemli idi”.
Yaxınlarının bildirdiyinə görə, mərhum Nəriman Qasımov həyat yoldaşı ilə ayrıca evdə yaşadığından, baş verənləri də Nisəxanım onlara xəbər verib. Belə ki, qadın elə həmin kənddə yaşayan gəlininin yanına gedərək, ərinin ağır vəziyyətdə yaralandığını deyib. Ondan kömək istəyib. Qaynanası ilə gələn gəlin qaynatasını al-qan içində görəndə yoldaşına zəng edib. Yanvarın 12-si axşam saatlarında başından ağır xəsarət alan Nəriman kişinin vaxtında həkimə çatdırılmaması, hadisənin gizli saxlanması onun ölümü ilə nəticələnib.

Yataqda qətl
2. Mayın 25-də gecə saat 04 radələrində Masallı  rayonu, Qəriblər kənd sakini, 30 yaşlı Gülnarə Əzizova ailə münaqişəsi zəminində əri, 30 yaşlı Azər Ağayevi yatarkən kürək nahiyəsindən bıçaq zərbəsi ilə qətlə yetirib. Məlumata görə, qətlə yetirilmiş ər-arvadın həm də qohumluq əlaqələri olub. Onlar dayıoğlu bibiqızıdırlar və 12 ilə əvvəl ailə qurublar. Ailəinin iki oğlu, bir qızı var.
Gülnarə Əzizova istintaqa verdiyi ilkin ifadəsində ərinin tüfeyli həyat tərzi keçirdiyini, onu mütəmadi incitdiyini bildirib.  Hadisə baş verən gecə də Azər Ağayev evə içkili vəziyyətdə gəlib və arvadını döyüb. Ərinin hərəkətlərinə dözməyən qadın çıxış yolunu onu bıçaqlamada görüb.

Namus üstündə tökülən qan
Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində gecə növbəsində işləyən Fərəc Muradov həyat yoldaşı Cəmilə Muradovanın hərəkətlərindən şübhələndiyindən, onun izinə düşüb. Gecə həyat yoldaşının evdə olmadığını görən kişi qadının gəlməsini gözləyib. Elə hər şey də bundan sonra baş verib. Fərəc Muradov həyat yoldaşı Cəmilə Muradovaya nə az-nə çox, düz 7 bıçaq zərbəsi endirib. Hadisədən sonra yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb.

Qısqanc ər arvadını güllələdi
Bakıda, kənd Əhmədli yaşayış massivində 37 yaşlı Ağcabədi rayon sakini Kənan Qasımov qısqanclıq zəminində odlu silahla özündən iki yaş kiçik həyat yoldaşı Nazilə Qasımovanı güllələyib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Abşeron rayonu, Saray qəsəbə sakini, 47 yaşlı Seyran Tahirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 42 yaşlı Məhbubə Tahirzadəni tüfənglə gülləyib. M. Tahirzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bakı şəhər sakini Rəhman Süleymanov qısqanclıq zəminində həyat yoldaşı Rəsmiyyə Talıbovaya döş qəfəsindən bıçaq xəsarəti yetirib.
Gəncə şəhər sakini, 40 yaşlı Nailə Musayevanı 43 yaşlı əri  Kamran Quliyevin  bıçaqlayıb. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi bildirilib
Zərdab şəhər sakini  İbrahimim Əfəndiyev ailə münaqişəsi zəminində  həyat yoldaşı 41 yaşlı Tamella Əfəndiyevaya bıçaqla xəsarət yetirib. HadisəNİ törədən İ. Əfəndiyev  Zərdab şəhər musiqi məktəbinin gözətçisi, həyat yoldaşı isə orada xadimə işləyir.
Binəqədi rayon sakini Məhəmməd Rufullayev mayın 9-da yaşadığı evdə həyat yoldaşı Nuranəyə, sonra isə özünə bıçaqla xəsarət yetirib.
Gəncə şəhər sakini, Gülzar Məmmədovanı həyat yoldaşı  İxtiyar Abbasov ailə münaqişəsi zəminində bıçaqlayıb.
Göyçay rayonu, Çayarxı kəndində Elvin Nəsrullayev evində ailə-məişət münaqişəsi zəminində arvadı Töhfəyə bıçaqla xəsarət yetirib. E.Nəsrullayevin ruhi xəstə olduğu bildirilib.
Bakı şəhəri, Nərimanov rayonunda 22 yaşlı Leyla Abdullayeva həyat yoldaşı, 36 yaşlı Ramin Tahir oğluna ailə məişət zəminində bıçaq xəsarəti yetirib.

Arvadını bıçaqlayıb intihar etdi
Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 40 yaşlı Zaur Mirzəyev qısqanclıq zəminində həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqlayıb. Vurduğu çoxsaylı bıçaq zərbələrindən həyat yoldaşının öldüyünü zənn edən Z. Mirzəyev qonşusunun həyətinə keçərək orada özünü asaraq intihar edib.

Qardaş qardaşın qatili oldu
Beyləqan rayon sakini, 61 yaşlı Məmməd Bəndəliyev aralarında torpaq sahəsinə görə yaranmış münaqişə zəmnində qardaşı, 53 yaşlı Həsən Bəndəliyevi və onun həyat yoldaşı Mədinə Şükürovanı odlu silahla qətlə yetirib.
Nərimanov rayonunda 50 yaşlı Zahir Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 53 yaşlı Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq qətlə yetirib.
Şamaxıda baş verən insident də bir ailənin faciəsinə səbəb olub.  Hadisə mayın 29-da baş verib. Sabir qəsəbəsində toy mərasimi üçün Moskvadan gələn Mayıs Şahməmmədovla qardaşı Feruz Şahməmmədov arasında mübahisə yaranıb.
Hər iki qardaşın evi bir həyətdə olduğundan Mayıs vaxtilə evinin açarlarını qardaşı Feruza təhfil verib. Evinə gəldiyini deyən Mayıs qardaşından öz evinin açarını istəyib. Qardaşı isə açarları verməyəcəyini və onun bu evdən çıxıb getməsini tələb edib.
Mayısın Şamaxıya gəlməkdə məqsədi isə qardaşı Feruzun qızının toyunda iştirak etmək olub. Feruz isə onları toyda görmək istəmədiyini bildirib. Bu zaman iki qardaş arasında mübahisə düşüb və dava böyüyüb. Feruz üzərində gəzdirdiyi tapança ilə qardaşına bir neçə dəfə atəş açıb. Səs-küyə gələn Mayısın 21 yaşlı oğlu Heybət Şahməmmədov da güllə yarası alıb. Yerə yıxılan oğlunu görən Mayıs oğlunun öldüyünü zənn edərək qardaşından silahı alıb və Feruz Şahməmmədova bir neçə dəfə atəş açıb. Nəticədə Feruz hadisə yerində dünyasını dəyişib.

İki qardaşın arvad davası
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan 29 yaşlı Siyavuş İbrahimov özündən 3 yaş böyük qardaşı Rəşadın qanını axıdıb. S.İbrahimov ifadəsində deyib ki, arvadı ilə dava edirmiş, bu zaman Rəşad müdaxilə edib. Qardaşının arvadı ilə mübahisəsinə müdaxilə etməsi onun xoşuna gəlməyib. Stolun üzərində olan bıçağı ona atıb, bıçaq da onun gicgahına sancılıb. Bununla da hirsi soyumayan Siyavuş bıçağı yenidən götürərək Rəşadın qarnına zərbə vurub.
Tovuz rayonu Əyyublu kənd sakini Şahin Yusifov münaqişə zəminində qardaşı Ürfətə bıçaqla xəsarət yetirib.
Yasamal rayon sakini, Tahir Əliyev münaqişə zəminində qardaşı oğlu İlham Əliyev və onun həyat yoldaşı Kəklik Əliyevaya bıçaqla xəsarət yetirib. İ . Əliyev keçinib, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.

Qısqanc qardaş bacısını öldürdü
Gəncə şəhərindəki çay evində ofisiant işləyən, 20 yaşlı Aytac Əzimini özündən iki yaş kiçik qardaşı Ülfət Qədimov qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirlib.
Bakı şəhəri, Nəsimi rayonunda 25 yaşlı Hacıbala Hacıyev Pərviz Abdullayevi qısqanclıq zəminində qətlə yetirib. Məlum olub ki P.Abdullayev H.Hacıyevin bacısı ilə görüşürmüş. Bunu bilən H. Hacıyev əsəbiləşib və P.Abdullayevlə söhbət etmək istəyib. Söhbət zamanı gənclər arasında konflikt yaranıb və bu zaman H.Hacıyev bıçağı bacısının sevgilisinin ürəyinə sancıb.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan 31 yaşlı Adilə Veystanini qardaşı, 37 yaşlı Bəhruz bıçaqlayıb. Hadisədə şübhəli bilinən şəxs ilkin ifadəsində bildirib ki, bacısını gecə evə gec qayıtdığına görə bıçaqlayaraq xəsarət yetirib.

Dayılarını diri-diri yandırdı
Bu ilin beş ayı ərzində qeydə alınan dəhşətli hadisələrdən biri Sumqayıtda baş verib. Corat bağlarında 23 yaşlı Sumqayıt şəhər sakini Əsgəralı Abbasov dayıları –Dünyamalı, Yadigar və Ağamalı Mirzəyev qardaşlarının olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.

Baldız gəlini bıçaqladı, qayınata kürəkənini öldürdü
Qayınananın gəlinlə, gəlinin baldızı ilə, yaxud əksinə yola getməməsi indinin problemi deyil. Keçmişdə bu cür problemlər yarananda oğlan tərəfi gəlinin boşanması məsələsini gündəmə gətirər, ya da gəlin baş götürüb ata evinə qayıdardı. Son zamanlar ailə daxilində baş verən bu cür münaqişələr bəzən faciə ilə də nəticələnir. Məsələn, Binəqədi rayonu, Yeni yaşayış massivində Ramidə Abbasova qardaşının həyat yoldaşı Fəridə Abbasovanı bıçaqlayıb.
Azərbaycanda təkcə ər arvadını, qardaş bacısını, qardaş qardaşını deyil, hətta kürəkən qayınatasını, qayınanasını müxtəlif səbəblərdən ya öldürür, ya da buna cəhd edir.

Ağdam rayonunda məcburi köçkünlər üçün salınan Baharlı qəsəbəsində 35 yaşlı Namiq Şükürov aralarında baş verən şəxsi münaqişə zəminində qayınatası, 63 yaşlı Umud Umudovu döş qəfəsindən bıçaqlayıb. Kürəkən bu əməli qonaq gəldiyi qayınatası evində törədib. N. Şükürov Ağdam rayonu, Qalayçılar kəndindən məcburi köçkündür.  Bıçaq xəsarəti alan U. Umudov isə Laçın rayonunun Şəlvə kəndindən məcburi köçkündür, Ağdam ərazisindəki Baharlı qəsəbəsində məskunlaşıb.
Sumqayıt şəhərində yaşayan  Zərnigar Lətifovanı kürəkəni Razim Həsənov bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan Z. Lətifova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Martın 29-da Şəki rayonu, Çapağan kənd sakini Yavər Hacağayev Şəki Rayon Mərkəzi Xəstəxanasının əsəb xəstəlikləri şöbəsində stasionar müalicə alan gəlini Arzu Hacağayevanın yanına gəlib. Sonra o, palatada olarkən üzərində gizlətdiyi kəsici alət olan dəhrə ilə gəlininə bədən xəsarətləri yetirərək onu öldürməyə cəhd edib. Bu zaman xəstəxana işçiləri qışqırıq səslərini eşidərək xəsarət alan şəxsin köməyinə yetişiblər.
Hadisəyə ilkin səbəb kimi qaynatanın gəlinin hərəkətlərindən şübhələnməsi və buna görə bu cinayətə əl atması olub.
44 yaşlı Gəncə şəhər sakin Ceyhun Kərimov kürəkəni, 24 yaşlı Ağdaş rayon sakini Araz Ağayevi bıçaqlayaraq qətlə yetirib.
Ağcabədi rayonunda isə Tutu Musayeva qısqancıq zəminində gəlini, 24 yaşlı Aysel Musayevaya bıçaq xəsarətləri yetirib.
Bakının Nizami rayonunda yerləşən kafelərdən birində Elçin Lazımov münaqişə zəminində kürəkəni Rəvan Əliyevə 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Araşdırma zamanı məlum olub ki, Rəvanla həyat yoldaşı arasında qısqanclıq üstündə münaqişələri yaranıb. Həyat yoldaşı ərinin mobil telefonuna hansısa qadının zəng etməsini bilib və bunun üstündə də davaları düşüb. Qaynatanın da kürəkənini məhz qızının qısqanclığından yaranmış qəzəbdən öldürdüyü ehtimal olunub.
Ata azyaşlı qızını boğub öldürdü
Qəbələ rayonunun Kürd kəndində Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı, 2 yaşlı Mədinəni balışla boğaraq öldürüb. 46 yaşlı Gündüz Ələsgərov qızını öldürməsinin səbəbini açıqlayarkən daha da iyrəncliyə əl atıb, əsassız olaraq iddia edib ki, beşikdə boğaraq öldürdüyü Mədinə onun övladı deyil.

O, həyat yoldaşı Dursun Ələkbərovanı hər gün döyüb, incidirmiş. Qadını xəyanətdə günahlandırıb, azyaşlı qızın ondan olmadığını deyirmiş. Lakin qadın hər dəfə bunun yalan olduğunu və qızın onun övladı olduğunu bildirirmiş.

Nəhayət, ərlə arvadın mübahisəsi daha da şiddətlənib. Gündüz Ələsgərov arvadını evdən qovub. O, qadına icazə verməyib ki, uşaqları götürsün. Ata evdə qızı Səbinə və Mədinə ilə yalnız qalıb. Kişi ona oxşamayan qızın beşiyinin yanına gəlib və balışla boğmağa başlayıb.

Ata və ana qatili olan oğullar
Ailə faciəsinə çevrilən faciələr arasında oğulun atasına, yaxud anasına  qarşı törətdiyi cinayətlər də var. Belə dəhşətli qətl hadisəsindən biri İsmayıllı rayonunda törədilib. Rayon sakini Sadiq Həlimov atası Nadir Həlimovun başına daşla xəsarət yetirib. Nəticədə N.Həlimov dünyasını dəyişib. Onun qətli ailə münaqişəsi zəminində törətdiyi bildirilib.
Bakıda isə 17 yaşlı oğlan atasının qatilinə çevrilib. Mayın 10-da Xəzər rayonu, Türkan qəsəbəsi Üzümçülük sovxozunda Şamil Rzayev yaşadığı evdə 42 yaşlı atası Qalib Rzayevin baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Hadisənin məişət münaqişəsi zəminində baş verdiyi bildirilib. Məlum olub ki, atası  çox vaxt içkili halda gələrək evdəkiləri incidirmiş. Bir müddət belə davam edib. Bundan bezən Şamil Rzayev balta ilə atasını qətlə yetirib.
Xaçmaz rayonu, Alekseyevka kənd sakini Əhliman Dəmirovu  24 yaşlı oğlu Səxavət bıçaqlayıb. Boynun kəsilmiş yarası və bel nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri diaqnozu qoyulan ata xəstəxanaya yerləşdirilib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilib.
Bərdə rayonunun Qazaxlar kəndindən olan 58 yaşlı Nüşabə Mehdiyevanı həyat yoldaşının gözü qarşısında ögey oğlu, Tərtər rayon sakini Pərviz Göyüşov  bıçaqlayıb. Araşdırma zamanı məlum olub ki, Pərviz qadına bıçaqla hücum edib. Qonşuya qaçan qadının arxasınca gedən Pərviz orada da Nüşabə Mehdiyevaya çoxsaylı bıçaq zərbələri vuraraq boğazını kəsib.
Mərhumun yaxınlarının sözlərinə görə, hadisə zamanı qadının həyat yoldaşı Karlar Göyüşov arvadını xilas etməyə çalışsa da, oğlunun qarşısını ala bilməyib.
Qeyd edək ki, Tərtər rayon sakini Karlar Göyüşov 22 il əvvəl Nüşabə Mehdiyeva ilə ikinci dəfə ailə qurub. Əvvəlki evliliyindən 4 övladı, Nüşabə Mehdiyevadan isə 15 yaşında bir oğlu var.

Modern.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню