Azərbaycan: Qeyri-rəsmi nigahların qurbanları - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

Azərbaycan: Qeyri-rəsmi nigahların qurbanları

XƏBƏRLƏR

Azərbaycan: Qeyri-rəsmi nigahların qurbanları

Günel Səfər Bakı, bbcazeri.com üçün
"28 yaşım var idi. Onun yanında dükanda işləyirdim. Məni qaçırdı, dörd gün sonra xalası rəhmətə getdi. Ailəsinin çətin anında evlənmək istədiyini deyə bilməyəcəyini söylədi. Heç bir il keçmədi qızım dünyaya gəldi".
Bu sözləri söyləyən Sevda (ad şərtidir) artıq qızını tək böyüdür, çünki qızının atası övladını qəbul etmir. "Mənə qarşı çox təzyiqlər edib, dörd divar arasında saxlayırdı, telefonla danışmağa belə icazə vermirdi. Döyürdü, təhqir edirdi".
Sevda keçmiş partnyorunun evinə 2013-cü il, yanvarın 15-də gəlib. Dekabrda isə qızı dünyaya gəlib. Bu müddətdə o, rəsmi nigah tələb etsə də, istəyi cavabsız qalıb. Həyat yoldaşının əsası o olub ki, ailəsi bu birgəlikdən xəbərsizdir.
"Hər gün bir bəhanə ilə uzadırdı kəbin kəsdirməyi. Axırda anam kəbin kəsdirməyimizi tələb etdi, onda ona da təzyiq göstərdi, evdəki əşyaları qırdı".

Bir yaş yarımlıq körpəsinin "gün üzünə həsrət" olduğunu deyən Sevdanı ən çox narahat edən körpənin anasının soyadını daşımasıdır. O, artıq məhkəməyə müraciət etmək fikrində olduğunu deyir.
"Yoldaşımın maddi imkanı yaxşıdır, amma aliment vermək istəmir deyə, uşaqdan imtina edir. Deyir uşaq mənim deyil, mənə oxşamır. İkinci mərtəbədə yaşayırıq, amma mənə qara yaxır ki, pəncərədən yanına kimsə gəlir".
Fotonun müəllifiGETTY
Hazırda anasının evində yaşayan Sevda bu işdən vaz keçməyəcəyini deyir, "axıra qeder gedəcəm, butun analizləri verəcəm və qızın onun olduğunu sübut edib, soyadını alacam".
Rəsmi statistikaya görə Azərbaycanda hər il 176-180 min uşaq dünyaya gəlir, 2013-cü idə isə bu uşaqların 25 mini qeyri-rəsmi nigahlardan doğulub, yəni 11-13 faiz. Qeyri rəsmi nigahların iki əsas problemi var: mülkiyyət məsələsi və dünyaya gələn uşaqların sənəd problemi.
Sənəd problemi
Vəkil Babək Həmidovun BBC Azərbaycancaya bildirdiyinə görə, qeyri-rəsmi nigahdan doğulan uşaqlar dərhal ananın soyadını alır.
Əgər ata soyadını vermək istəyirsə ərizə ilə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyat Şöbəsinə müraciət etməlidir, o deyir.
Amma çoxu üçün əsas problem atanın soyadını verməkdən imtina etməsi zamanı baş verir. Çox vaxt aliment ödəməkdən "boyun qaçırmaq üçün" atalar bu yola əl atırlar və ana, atalıq faktının müəyyən olunması və aliment tələbinə dair məhkəməyə müraciət edir.
"Bu zaman digər problem ortaya çıxır: atanın məhkəməyə cəlb olunması", vəkil bildirir. O deyir ki, nigahın pozulması ilə bağlı məhkəmə işlərinin çoxu atalığın müəyyən olunması ilə bağlıdır.
"Təkcə atalığın müəyyən olunması və aliment işləridir ki, məhkəmədən yayınan atalar pulsuz olaraq Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilir. Amma ... axtarış şəxsin qeydiyyatda oldğu rayon üzrə aparılır, respublika üzrə yox. Nəticə etibarı ilə məhkəmə işi yekunlaşdıra bilmir və iddiaçı tərəf, yəni ana əlverişsiz vəziyyətdə qalır", vəkil bildirir.
Mülkü məsələlər
Digər problem mülkü məsələlərdir ki, bu, birgə yaşayanda yox, ayrılanda ortaya çıxır. Yəni mülkiyyət kimə aiddirsə, o da istifadə hüququna malik olur. Mülkiyyət isə çox hallarda kişiyə aiddir: qadın və uşaq nə evə, nə də birgə yaşayış zamanı əldə edilən mülkiyyətə iddia edə bilmir.
Qanunvericiliyə edilmiş dəyişiklərin də buna təsiri olub. Vəkil Babək Həmidovun sözlərinə görə, 2000-ci il sentyabrın 1-ə qədər nigaha daxil olan şəxslərin gəlin getdikləri evdən birbaşa istifadə hüquqları var idi. Boşandığı halda belə orda yaşaya bilərdilər.
Bundan sonra qüvvəyə minən Mülki məcəlləyə əsasən, belə istifadə hüququ qabaqcadan mülkiyyətçi ilə yazılı razılaşdırılmalı idi. 2000-ci il sentyabrın 1-dən 2009-cu ilin oktyabrın 1-dək rəsmi nigaha daxil olan şəxslərin demək olar ki, heç birində bu razılaşma olmadığı üçün onlar, boşananadan sonra öhdəsindəki uşaqlarla birgə yaşayış yerindən məhrum qalırlar.
"[Yeni] Mənzil məcəlləsinə görə rəsmi nigaha daxil olan şəxs gəlin getdiyi evdə ailə üzvü hesab olunur və cehiz əşyalarını yığdığı otağa müvəqqəti istifadə hüququ qazanır. Nigah pozulduqdan sonra müvəqqəti olsa da o otaqdan istifadə hüququ Məhkəmə qaydasında tanınır. Qeyri-rəsmi nigahlarda isə qadınlar ailə üzvü sayılmadığından, istifadə hüququ ilə bağlı iddiaları əsassız hesab edilir", cənab Həmidov deyir.
Rəsmi nigahın "əhəmiyyəti"
BBC Azərbaycancaya danışan Sənubər Heydərova 10 ilə yaxındır sosial işçi kimi fəaliyyət göstərir. O, qeyri-rəsmi nigahları sahəsində ən çox qarşılaşdığı problemlərdən hesab edir.
Fotonun müəllifiGETTY
"Ailələrlə işlədiyim zaman, hər sosial işçi 30 ailə ilə iş aparırdı. Bu ailələrin yarısından çoxunun sənədləri qaydada olmurdu. Onlar xərc çəkib bütün adətlərə uyğun toy edə bilirdilər, amma beş manat rüsumu olan kəbin kəsdirmək yaddan çıxırdı. Təəssüf ki, insanlar rəsmi nigahın əhəmiyyətini anlamırlar".
Onun sözlərinə görə, belə ailələr regionlarda çoxluq təşkil edir: "Bəzi regionlarda dini ənənəçilik geniş yayılıb, onlar dini kəbinlə kifayətlənirlər. Digərlərində isə maariflənmə çox zəifdir", o deyir və kəbin məsələsinin üstünə düşən qadınlar "qınaq obyektinə çevrilirlər", bundan qaçmaq üçün isə "qurbana çevrilirlər".
Sosial işçi deyir ki, əgər ata soyadını verməkdən imtina edirsə, bundan ən çox əziyyəti qadın çəkir. O, məhkəməyə müraciət etməli, xərcləri özü çəkməli, şahidləri tapmalı, sübutları təqdim etməli və DNK analizinin də məbləğini özü ödəməlidir. DNK analizini isə 1500-2000 manat dəyərindədir.
"Maarifləndirmə şərtdir, bu həm dövlət orqanlarının, həm də qeyri hökumət təşkilatlarının üzərinə düşür. İnsanlar hüquqlarını bilməyəndə çox pis hallar baş verir", deyir xanım Heydərova.
Çıxılmaz vəziyyət
Sosial Qayğı və Tədqiqatlar İctimai Birliyinin sədri Gulnar Nəzərova deyir ki, qeyri-rəsmi nigahlar əsasən yetkinlik yaşına çatmayanlar ailə qurduqda yaranır. Əgər bu iş yetkinlik yaşına çatan insanların da başına gəlirsə, bu onların hüquqlarından xəbərsiz olduğu deməkdir.
"Bu cür insanlar ayrıldıqdan sonra potensial insan alveri qurbanlarına çevrilə bilərlər. Çünki atalığın müəyyən olunması uzun və bahalı prosesdir. Çox qadının buna imkanı çatmır".
O bildirir ki, bu problemlə üzləşmiş qadınların çoxunun gedəcək yeri olmur deyə çıxılmaz vəziyyət yaranır.
"Körpəyə ünvanlı sosial yardım ala bilər, amma bunun üçün də yaşayış yeri olmalıdır. Tutaq ki, xanım kirayə yaşayır və ev sahibi ilə müqaviləsi var. Amma ünvanlı sosial yardımın məbləğı 100 manatdır, bu pulla kirayəni ödəmək belə çətin olacaq, demək bu insan real potensial qurbandır".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu sahədə qanunvericiliyi beynəlxalq standartlara uyğun hesab edir.
"Qadınlar birgə yaşayış zamanı yaşadıqları evə müvəqqəti qeydiyyata düşsələr, belə problem ortaya çıxmaz. Qeyri-rəsmi nigahlar isə daha çox kişilərə sərf edir ki, sonradan aliment ödəməsinlər", məsələni BBC Azərbaycancaya şərh edən cənab Səfərov deyib.
"Qanunları problemli saymıram. Sadəcə stereotipləri sındırmaq lazımdır".
Millət vəkili Fazil Mustafa həmçinin bu sahədə maarifləndirmə işlərinin artırılmasına ciddi ehtiyacın olduğunu bildirir. "Bu prosesdən əziyyət çəkən qadınların hüquqlarının qorunmasında dövlət bilavasitə iştirak etməlidir, bunu vətəndaşların üstünə atmaq olmaz. Doğulan uşaqların isə heç bir günahı yoxdur".
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню