Aliment problemi – ARAŞDIRMA - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

Aliment problemi – ARAŞDIRMA

XƏBƏRLƏR
 

Aliment problemi – ARAŞDIRMA

Boşanma zamanı fərdlərin qərarına təsir edən əsaslı ünsürlərin başında aliment ödəmək məsuliyyəti gəlir. Aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir.
Boşanma mərhələsində olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasa da, bir çox halda qərarın icrasına əməl etmir.
Bildiyimiz ki, aliment təyin edilərkən tərəflərin sosial və maliyyə durumu mühüm amil kimi götürülür. Buna görə alimentin miqdarı ailədən-ailəyə dəyişir. Bir acınacaqlı məqam var ki, uşağa aliment verməkdən qaçmaq üçün maaşını az yazdıranlar da az deyil.
Xalq arasında alimentlə bağlı bilinən doğru və yanlışlar var. Bu sahədə ən ciddi problem isə alimentlə bağlı məhkəmə qətnamələrinin icra edilməməsidir.

“Aliment ödəməmək üçün hətta uşaqlardan imtina da etmək istədi”
Həyat yoldaşından ayrılmış Şəhla Hüseynova APA-ya bildirib ki, 3 il alimentlə bağlı problem yaşayıb: “2008-ci ilin oktyabr ayında boşandıq. İki oğlumuz var, amma aliment tələb etmədim. Fikirləşdim ki, uşaqlarımın atasıdır, niyə onu pul verməyə məcbur edim? Boşanmadan dərhal sonra evləndi. Nəinki aliment ödəmək, heç köməklik etmək fikri yox idi. 2011-ci ildə uşaqlarına diqqət göstərmədiyini dedim. Məni təhqir etməyə başladı ki, “önümdə diz çöksən, o halda 50 manat bəlkə verə bilərəm”. Ondan sonra alimentlə bağlı məhkəmədə iddia qaldırdım.
Ş. Hüseynova deyir ki, Xətai Rayon Məhkəməsi tərəfindən hər uşağa 100 manat aliment kəsilib: “Böyük oğlum anadangəlmə mərkəzi sinir sistemi xəstəsidir, balaca oğlumda isə qaraciyər kistası var. Aliment kəsildikdən sonra qərar icra üçün Tovuz rayonuna göndərildi. Ancaq keçmiş həyat yoldaşım alimenti ödəmirdi. İcraçı ilə dəfələrlə əlaqə saxlasam da, onu tapa bilmədiyini deyirdi. Keçmiş həyat yoldaşım Rusiyaya getmişdi deyə, proses uzandı. Xəbər göndərdi ki, aliment verməyəcək. Vəziyyət o yerə çatdı ki, məhkəməyə bir neçə dəfə müraciət etdim. İcraçıya məktub göndərilirdi, o da tapa bilmirdi. Ümumiyyətlə, bu işdə tənzimləyici struktur olmalıdır. İcraçılar, icra nümayəndələri o struktur deyil.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət etdim. Daxili işlər naziri Ramil Usubovun adına ərizə yazdım. Cavab gəldi ki, o adamın adı qırmızı xəttə salınıb. Nə vaxt sərhədi keçsə, saxlanılacaq. Düz 1 il 6 ay alimenti ala bilmədim.
Maraqlıdır ki, Rusiya, yaxud digər ölkənin ərazisində alimentlə bağlı məhkəmə icrasından qaçan şəxslərin tutulub bura gətirilməsi üçün digər ölkələrlə əməkdaşlığımız niyə yoxdur?
Bildiyimə görə, cinayətkarlarla bağlı ölkələr arasında belə bir əməkdaşlıq mövcuddur.
Qanunvericilik sistemində bir boşluq da budur. Demək, həmin adam yalnız sərhədi keçdiyi halda tutula bilər. Bəs, geri qayıtmasa, necə? Keçmiş həyat yoldaşım atası rəhmətə getdi deyə, qayıtmalı oldu. Sərhəddə Gəncə polisi tərəfindən tutularaq Tovuz polisinə təhvil verildi. 3600 manat aliment borcu vardı. Haqqında olan şikayətlə bağlı apelyasiya versə də, köməyi olmadı. Aliment ödəməsin deyə, hətta uşaqlardan imtina da etmək istədi. Ümumiyyətlə, Azərbaycan kişisi boşananda elə bilir ki, uşaqdan da boşanır. Düşünmür ki, o yeyirsə, övladı da yeməlidir, o geyinirsə, övladı da geyinməlidir.
Daxili İşlər Nazirliyində Tovuz rayonu üzrə kuratorun yanına getdim. İcraçı axtarış müraciətinin geri götürülməsinə dair məktub gətirmişdi. Halbuki bu adam alimenti hələ də ödəməmişdi. Aliment ödənmədiyi halda, icraçının müraciəti geri götürməsinin səbəbi mənə aydın olmadı. Sonra Tovuz Rayon Polis Şöbəsi tərəfindən keçmiş həyat yoldaşım yenidən saxlanıldı. Məhkəmə oldu, ona 3 gün həbs cəzası verdilər. Sonra intizamla öhdəlik götürdü ki, yaxın müddətdə alimenti ödəyəcək. 10 gün ərzində tam məbləği ödədi. Sonradan alimenti 6-8 ayla gecikdirdi, hər dəfə də gedib şikayət edirdim ki, ölkədən çıxmağına qadağa qoyulsun. İndi Rusiyadadır, oranın vətəndaşlığını almaq istəyir. Qanunu da bilmir. Mən də qorxutmuşam ki, haqqında şikayət olsa, vətəndaşlıq verilməyəcək. Ona görə alimenti hər dəfə vaxtında, bəzən isə ən geci iki aya ödəyir”.
Ş. Hüseynovanın dediyi kimi, bəs qanunu bilməyənlər, əli heç yerə çatmayan, hüquqi tələb etməyən qadınlar nə durumdadır görəsən?
“Qadın icraçılar azdır, kişilər isə kişiləri dəstəkləyir”
Ş. Hüseynovanın sözlərinə görə, rayon məhkəmələrində aliment çox az, 25-30, maksimum 50 manat məbləğində kəsilir: “Bir rəfiqəm var. Məhkəmə övladına ayda 50 manat aliment kəsilmişdi, amma üç il idi, ala bilmirdi. Həyat yoldaşı 2 min manat verdi ki, bu pulu götür, aliment məsələsini bağlayaq. Qadının pula ehtiyacı olduğundan razı oldu, pulu götürdü”.
Ş. Hüseynova qadın icraçıların azlığından da şikayətçidir: “Kişilər isə kişiləri dəstəkləyir. Ümumiyyətlə, icra strukturu düzgün qurulmayıb. Qonşu dövlətlərlə bu sahədə də anlaşma olmalıdır. Türkiyədə, Rusiyada gizlənən borclulara xəbərdarlıq edilməlidir. Məhkəmə qərarı icra edilmədiyi təqdirdə borclu həmin ölkədən deportasiya olunsa, alimentlə bağlı məhkəmə qətnamələri daha yaxşı icra olunar”.
Aliment necə tutulmalıdır?
Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 saylı Hüquq Məsləhətxanasında çalışan vəkil Nardanə Fərzəliyeva APA-ya bildirib ki, alimentlə bağlı qətnamənin icrasına aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir: “Aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud hər hansı digər səbəbdən alimentin valideynin qazancından, başqa sözlə desək, gəlirin müəyyən hissə kimi tutulması mümkün olmadığı və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Bu tədbirlər nəticə vermədikdə şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə məsuliyyətə cəlb edilir. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Gördüyümüz kimi, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur”.
Vəkil vurğulayıb ki, bir çox valideyn məhkəmə qərarı olmadan da həyat yoldaşından boşansa belə, övladlarının bütün təminatlarını ödəməyə çalışır: “Deyə bilmərik ki, valideynlərin hamısı aliment ödəməkdən yayınır. Ümumiyyətlə, valideynlər bilməlidir ki, uşaqlar valideynlərinin boşanmasına görə hər hansı məhrumiyyətə düçar olmamalı, hər iki valideyn onların normal böyüməsi, yetişməsi üçün tam şərait yaratmağa çalışmalıdır. Yəni, bu məsuliyyət yalnız bir valideynin üzərinə düşməməlidir. Hər iki valideyn uşağın tərbiyəsində, eləcə də maddi ehtiyaclarının qarşılanmasında əl-ələ verməlidir”.
Hüquq təmsilçisinin sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqəli qanunda bütün lazımı tədbirlər nəzərdə tutulsa da, bəzi hallarda çətinlik yaranır: “Valideyn işsiz olduqda boşandıqdan sonra alimentin ödənməsində çətinliklər yaşanır. Qeyd edim ki, bu gün boşanmaların əksər hissəsi maddi imkansızlıqdan baş verir, belə olan halda da boşanmadan sonra aliment ödənməsi mümkün olmur. Amma düşünürəm ki, vicdanı olan ata məcburiyyət tədbirləri olmadan belə, imkanı çatan vəsaiti övladından əsirgəməz.
Alimentin ödənməsində ən böyük çətinlik isə aliment ödəməli olan valideynin ölkədən kənarda olduqda yaranır. Təəssüf ki, belə hallara da rast gəlinir”.
Vəkilin sözlərinə görə, məhkəmə qərarlarının icrasında əsasən Ədliyyə Nazirliyi məsuliyyət daşıyır: “Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi də uşaq hüquqları ilə əlaqədar məhkəmə iclaslarında üçüncü şəxs kimi iştirak edə bilər. Bu işdə əsas məsuliyyət ədliyyə orqanlarının üzərinə düşür, çünki məhkəmə qətnamələrinin icrası ilə yalnız İcra şöbələri və Probasiya xidməti məşğuldur, onlar da Ədliyyə Nazirliyinə tabedir. İcra şöbələrinin işindən narazı qalan şəxslər İcra Baş İdarəsinə şikayət edir. Fəaliyyətim ərzində bir neçə boşanma məhkəməsində iştirak etmişəm, mənim müştərilərimin əksəriyyəti aliment tələb etməyib, hər birinin də müxtəlif səbəbləri olub. Bəziləri “onsuz da ödəyən deyil, təki həyatımızdan çıxsın” deyib, bəziləri də qətnaməsiz də uşaqların atası tərəfindən müəyyən məsrəflərinin ödəniləcəyini deyib, aliment tələb etməyib. Birbaşa qazancdan tutulan alimentlər isə vaxtı-vaxtında ödənilir. Əgər atanın iş yeri varsa…
Məncə, bu cür problemlərin qarşısını almaq üçün aliment tələb edilməsin. Əgər ana öz ayaqları üzərində dura bilirsə, ata aliment vermədən övladını böyüdə biləcəyindən əmindirsə, boşansın və aliment tələb etməsin. Bəlkə də bu fikrim yaxşı qarşılanmaya bilər, amma hər halda boşanma üçün müraciət edən şəxs hər şeyi nəzərə almalıdır.
Qanunlarımız alimenti ödəməyən valideynlərə qarşı kifayət qədər sərtdir və uşağın normal şəraitdə böyüməsi üçün həm dövlət qurumları, həm biz vəkillər əlimizdən gələni əsirgəməməliyik”.
Qanunvericiliyə əsasən, müvafiq şərtlər daxilində qadınlarla yanaşı, kişilərə də aliment ödənilməlidir. Vəkil Elnur Quliyev APA-ya bildirib ki, qanunvericiliyə əsasən, uşaq kimdə qalırsa, qarşı tərəf aliment ödəməlidir: “İşləmirəm deyə bəhanə gətirmək doğru deyil. Tutaq ki, boşanmamısan, ailən də yanındadır. Ailənə necə baxacaqdın? Yəqin ki, hansısa yolla çörək pulu tapıb evə gətirəcəkdin. İndi də et.
Uşağı saxlamaq hər iki valideynin borcudur. Praktikamda uşaqların atanın himayəsində qalması halı çox olub. Ancaq müşahidələr göstərir ki, uşaqlar əsasən anaya verilir. Ancaq bəzən elə hallarla qarşılaşırıq ki, ana uşaqlarını atıb gedib, həyya xaricə gedənlər də var. Belə olan halda uşaqlar atanın himayəsində qalır. Blə bir hal olmuşdu ki, uşaqların yaşı 10-dan yuxarı idi və ataları ilə qalmaq istədilər. Ona görə də məhkəmənin qərarı ilə aliment kəsildi. Ancaq kişi imtina etdi ki, mənə qadının pulu lazım deyil.
Lakin qanuna əsasən, aliment məsələsi bütün tərəflər üçün eyni nəzərdə tutulub.
Hər iki valideynin hüquq və vəzifələri bərabərdir. Maddi vəziyyəti yaxşı olan tərəf digər tərəfə kömək etməlidir. Bu, qanunvericilikdə də əksini tapıb”.
2017-ci ildə aliment ödənməməsi ilə bağlı Dövlət Komitəsinə 409 müraciət daxil olub
Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il alimentin ödənilməməsi ilə bağlı Komitəyə müraciətlər daxil olur.
2017-ci il ərzində 409 belə müraciət daxil olub. Bu müraciətlər aidiyyəti üzrə Ədliyyə Nazirliyinə göndərilib. Alimentlə bağlı məhkəmə qərarlarının icrası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin yerli İcra şöbələri və Probasiya Xidməti tərəfindən həyata keçirilir. Bu sahədə icra məmurlarının fəaliyyətinə nəzarət isə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi tərəfindən həyata keçirilir.
Komitədən bildirilib ki, 2017-ci ildə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən alimentin dərhal ödənilməsi ilə bağlı Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə və “İcra haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanıb. Hazırda qanunvericilikdə alimentlə bağlı qəbul edilən məhkəmə qətnamələrinin qəbul edildiyi gündən etibarən dərhal icraya yönəldilməsi və alimentin ödənilməsi nəzərdə tutulur.
Dünya praktikasına nəzər salaq, bəzi ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bir çox ölkələrdə aliment fondu yaradılıb. Müəyyən ölkələrdə aliment dövlət tərəfindən müavinət formasında ödənilir.
Aliment ödənilməsi zamanı çətinlik yaranan işlər 3-5% təşkil edir
Alimentin ödənilməsi barədə qərarların icrasına nəzarət edən əsas məsul orqan olan Ədliyyə Nazirliyindən APA-ya bildirib ki, icra qurumlarının icraatında alimentin tutulması tələbinə dair çoxsaylı icra işləri var. Həmin işlərin 95%-dən çoxunun icrası müntəzəm olaraq təmin edilir. 3-5% iş üzrə alimentin ödənilməsində müəyyən səbəblərdən çətinliklər var (borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəzaçəkmə müəssisəsində olması, ağır xəstəliyinin olması və s.).
Bu hallarda səbəbindən asılı olaraq tələbkarlara hüquqları izah olunur. Eyni zamanda müvafiq qurum tərəfindən tələbkarlara alimentin ödənilməməsi barədə arayış verilir ki, sosial yardım almaları üçün aidiyyəti orqana müraciət edə bilsinlər.
Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər inzibati (AR İXM-nin 528-ci maddəsi), qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə isə borclu şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər (AR CM-nin 306-cı maddəsi).
Alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.).
Bundan əlavə, borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir. Bununla bağlı Ədliyyə və Daxili İşlər nazirlikərinin birgə əmri var.
Aliment ödənilməsinə hansı hallarda xitam verilə bilər?
Qanunvericiliyə əsasən, notarial qaydada aliment ödənilməsi ilə bağlı qəbul olunmuş sazişin müddəti bitdikdə, tərəflərdən biri vəfat etdikdə və ya şəxs yetkinlik yaşına çatdıqda alimentin ödənilməsinə xitam verilə bilər.
Məhkəmə qaydasında müəyyən olunmuş aliment ödənişlərində isə tərəflərdən biri vəfat etdikdə, aliment alan və ya aliment ödəyən tərəf vəfat etdikdə, şəxs yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmış, amma əmək qabiliyyəti olmayan şəxsin məhkəmə qaydasında əmək qabiliyyətli olması müəyyən edildikdə, eyni zamanda yetkinlik yaşına çatmış şəxs və ya aliment alan tərəf digər şəxslər tərəfindən övladlığa götürüldükdə, bundan əlavə, aliment alan ər və ya arvadın yeni nikaha daxil olduğu anlarda aliment ödənilməsinə xitam verilə bilər.
Aliment məsələsində icraçılar daha çox hansı problemlərlə üzləşir?
Qısa araşdırmalardan belə məlum olur ki, axtarışda olan şəxs tapılanda qanun onu cəmi 3 saat saxlamağa icazə verir ki, bu da ciddi problem sayıla bilər. Alimentin icrası ilə bağlı borclu haqqında axtarış qərarı onun qeydiyyatda olduğu rayon üzrə pasport şöbəsinə verilir və həmin şöbədən başqa heç kim onu axtarmır. Yəni borclu ünvanını dəyişib, başqa rayona getsə, heç kim onun ardınca getməyəcək. DİN-in təlimatına görə, axtarış işi borclunun olduğu yerə görə deyil, tələbkarın olduğu yerə görə açılır. Axtarış işi açılanda borclunun olduğu ünvanın da göstərilməsi axtarışı asanlaşdırar. Belə olanda iş daha səmərəli olar.
Bəzən borclunun 2 min manat aliment borcu yığılır, məhkəmədə 200 manatını ödəyir, qalanını isə yavaş-yavaş ödəyəcəyini deyir. Məhkəmə onu tutmur, azad edir. Həmin adam yenə qaçır, icra nümayəndəsi də məcbur olur ki, onu yenidən axtarasan. Praktikada aliment ödəmədiyinə görə illərdir axtarışda olan şəxslərə belə rast gəlinir.
İcra nümayəndələri tərəfindən tutulan şəxslərin 3 saatlıq saxlanma müddətinin artırılması təklif olunur.
“Məhkəmələr saat 18.00-dək işləyir. Bəzi məhkəmələr isə elektron qaydaya keçdiyi üçün hətta saat 17.00-da işini yekunlaşdırır. Biz də, məsələn, 5 ildir, axtarışda olan adamı tutub gətiririk, saat 18.00-dan sonra olduğu halda, yaxud da bayram günlərinə, şənbə-bazara təsadüf edəndə məhkəmə qəbul etmir. Bizim də tutduğumuz adamı 3 saatdan artıq saxlamaq ixtiyarımız yoxdur. Məcburuq ki, azad edək. Belə olan halda həmin adam yenə qaçıb gizlənir. Təklifimiz budur ki, borclunu 24-48 saat müvəqqəti saxlama məntəqələrində saxlamaq imkanı verilsin. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilsə, problem həllini tapar. Bundan başqa, şəxs barəsində inzibati axtarış qərarı elə aliment kəsilən gündən qoyulmalıdır ki, heç yerə qaça bilməsin”, – deyə adının çəkilməsini istəməyən icra nümayəndəsi bildirib.
İcra nümayənədələri də hesab edir ki, bəzi ölkələrə bu sahədə hüquqi yardım barədə anlaşma olmaması ciddi problemlərdəndir.
Axtarışda olan şəxs hansısa MDB ölkəsində olduqda, saxlanılaraq Azərbaycana təhvil verilir. Çünki Azərbaycanın MDB ölkələri ilə bu istiqamətdə əməkdaşlığı var. Ancaq şəxs hətta Türkiyəyə belə getsə, onun barəsində heç bir tədbir görmək mümkün olmur. Bu işin səmərəliliyi üçün dövlətlərarası hüquqi yardım barədə razılaşma olmalıdır.
Yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, bütün hallarda valideynlər addım atarkən ilk növbədə, övladlarını düşünməlidirlər.
Çünki qanuna əməl etməməyin də, qanundakı boşluqlardan yararlanıb məsuliyyətdən qaçmağın da əsas qurbanı məsum uşaqlardır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню